CƏNUBUN MEMARLIQ NÜMUNƏSİ: LƏMLƏR
Region

CƏNUBUN MEMARLIQ NÜMUNƏSİ: LƏMLƏR

Ölkəmizin cənub bölgəsində yaşayan yaşlı nəslin yaxşı xatirindədir. Bölgənin əksər kəndlərində həyətlərdə ikimərtəbəli tikililər - ləmlər olurdu. Ləm bu yerlərin nadir memarlıq incilərindən sayılır. Yay istirahət evi və ya küləfirəngi də adlanır.

Astara rayonundakı Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbinin direktoru, tarixçi-tədqiqatçı, "Astaranın tarix və mədəniyyət abidələri" kitabının müəlliflərindən biri Nuranə Həmidova cənub bölgəsi üçün xarakterik olan ləmlərdən söhbət açır:

- Bu yerlərdə ləmlər əsasən XVIII-XX əsrin əvvəllərində tikilmişdir. İkimərtəbəli olur, dörd dirək və yaxud qırmızı kərpicdən hörülmüş dörd sütun üzərində inşa edilir. Birinci mərtəbəsində ev, məişət əşyaları saxlanılır və yardımçı otaq kimi istifadə olunur. İkinci mərtəbəyə taxta pilləkən qalxır və bura istirahət üçün nəzərdə tutulur. Yayda havalar isti keçdiyinə görə ləm dörd tərəfdən açıq olur.

Tikintisində yerli meşə materialından istifadə olunur. Taxta və şalbanlar keçirmə üsulu ilə bərkidilir və mıxdan istifadə olunmur. Əvvəllər ləmlərin sayı çox olmuşdur. Ötən əsrin 60-70-ci illərinə qədər Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının kənd və qəsəbələrində ləmlərə daha çox rast gəlinirdi. Sonralar ləmlərin müəyyən hissəsi uçulub-dağılmış, müəyyən qismi isə sökülmüşdür. Bu gün bölgənin yaşayış məntəqələrində çox az sayda ləmlər qalmaqdadır.

Bir vaxtlar Ərçivan qəsəbəsində 50-yə yaxın ləm olsa da, hazırda onlardan yalnız biri qalıb. Qəsəbə sakini Əsədulla Musayevin həyətində yerləşən bu ləm yaşlı sakinlərin dediyinə görə, XIX əsrin 60-cı illərində tikilib. Ümumi sahəsi 40 kvadratmetrdir. Ləmin birinci mərtəbəsi qırmızı kərpicdən hörülmüş dörd sütun, ikinci mərtəbəsi isə dirəklər üzərində qurulub. Kərpiclərin hörülməsində yumurtadan istifadə edilib. Ləmin damı əvvəllər su buraxmayan lığ, küləş və qamışla örtülüb. Sonralar dam örtüyü kirəmidlə əvəz edilib, - deyə Nuranə xanım bildirir.

Ərçivandakı bu ləmin maraqlı tarixçəsi vardır. 1964-cü ildə Ağarza Quliyevin rejissorluğu ilə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılan "Ulduz" bədii filmi Astarada çəkilib. Filmdəki Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsi bu ləmdə lentə alınıb. O vaxtdan ləm məşhurlaşıb, onu görmək istəyənlərin sayı artıb. Astaraya gələn elm, mədəniyyət, incəsənət xadimləri, qonaqlar, yerli və xarici turistlər yolunu mütləq buraya salır, ləmlə tanış olurdular.

Keçən ilin oktyabr ayında intensiv yağan güclü yağışdan sonra ləm qəzalı vəziyyətə düşmüş, uçulub dağılmışdır. Təəssübkeş ziyalı Nuranə Həmidovanın tarixi tikilinin bərpası barədə müvafiq təşkilatlara çoxsaylı müraciətləri nəticəsiz qalıb.

Astaradan Milli Məclisin üzvü seçilmiş görkəmli kardioloq-cərrah Rəşad Mahmudov müraciətə dərhal reaksiya verib, dağılmaqda olan 116 yaşlı "Ləm" tarixi abidəsinə gəlib baş çəkib. Abidənin bərpası ilə əlaqədar qəsəbənin ağsaqqalları, ziyalıları ilə görüşüb. Müzakirələr, fikir mübadiləsi aparılıb. Havaların kəskin soyuması, yağıntılı keçməsinə baxmayaraq, təmir-bərpa işlərinə start verilib. Deputatın, qəsəbə icmasının birgə səyləri sayəsində hazırda tarixi abidənin bərpası tamamlanmaq üzrədir.

Bəli, Astaranın 106 yaşlı memarlıq incisi yenidən qonaqların, yerli və xarici turistlərin nəzər-diqqətini cəlb edəcək, sevimli, doğma bir məkana çevriləcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".