Cəsur baş leytenant
Sosial həyat

Cəsur baş leytenant

Bu gün biz ulu tariximizin ən şərəf və qürurverici günlərini yaşayırıq. Bu qəhrəmanlıq  səhifəsini bizə yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimizdir. Cəmi 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın erməni separatçılarının  işğalında qalmış əzəli torpaqlarımız azad olundu. Və bu şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, Zəfər günü kimi tarixə düşdü.

Torpaqlarımızın azad olunması uğrunda döyüşə atılan igid, cəsur oğullarımız şəhidlik zirvəsinə ucaldılar,  öz canlarından keçərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək dövlətimizə bütün dünyada böyük hörmət, xalqımıza qürur və məğrurluq bəxş etdilər.

Vətən müharibəsində qəhrəmanlıq, şücaət göstərərək şəhid olmuş döyüşçülərimizdən biri də baş leytenant Asif Məmməd oğlu Kərimovdur.

Asif Kərimov 1999-cu ildə Cəlilabad rayonunun Ləzran  kəndində doğulub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan /Dövlət Neft Akademiyasında təhsil alıb. Onun ən böyük arzusu Qarabağı, işğal altında olan torpaqlarımızın azad olunması idi. O, 44 gün davam edən Vətən müharibəsi  başlayanda könüllü olaraq müharibəyə gedir,  döyüşlərə qatılır. Qardaşı deyir ki, Komandiri, general-mayor Polad Həşimov şəhid olduqdan sonra  çox məyus olmuşdu və deyirdi ki, Ali Baş Komandan nə vaxt əmr versə, cəbhəyə gedəcəm, torpaqlarımızın azad olunmasında vuruşub Polad Həşimov kimi qəhrəman oğullarımızın qisasını alacam.

Asif Kərimov vətəni sevən, fədakar, onda həmişə birinciliyə can atmaq istəyi var idi. Cəsur baş leytenant Vətən müharibəsinin qızğın döyüşlərində daim öndə olur, nümunəvi zabitlərdən birinə çevrilir. Bir sıra ağır döyüşlərdə  qəhrəmanlıqlar göstərmişdir. Füzulinin, Cəbrayılın və Qubadlının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmiş və xeyli sayda ermənilərin hərbi texnika, silah-sursatını və  canlı qüvvəsini məhv etmişdir. Qəhrəman şəhidimiz, baş leytenant Asif Kərimov 3.11.2020-ci ildə Şuşanın  azadlığı istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

Şəhidin qardaşı Fəttah Kərimov deyir ki, o, hər şeydən əvvəl  vətəninə bağlı vətəndaş, hər bir şeyə hazır insan idi. Müharibəni səbirsizliklə gözləyirdi. 

Həyat yoldaşı bildirir  ki, biz onunla həm dost, həm də sirdaş idik. Onun yoxluğu bizim üçün çox çətindir. O, müharibəyə gedəndə dedi ki,  ağlama, mən Vətən, torpaq üçün gedirəm. Övladlarımı sənə tapşırıram. Onun əmanət qoyduğu övladlarını arzu etdiyi kimi  böyüdürəm. Anası oğlunun şərəfli yol keçdiyini bildirir. Dedi ki, mənə bir şey olsa ağlama, heyifsilənmə, başını dik tut. Düşməni məhv edib qovaq ki,  balalarımız rahat yaşasın. Onu saxlamaq mümkün deyildi, gözündə qorxu yox idi.

Cəsur zabitimiz, baş leytenant Asif Məmməd oğlu Kərimov  döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Onun Vətənə qızı Gülay, oğlu Yusif əmanət qalıb.

Əli SADIQOV,

“Respublika”.