Cəsur döyüşçü anıldı
Region

Cəsur döyüşçü anıldı

Samux rayonunun Qədili kəndindən olan Vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun ildönümü mərasimi keçirildi. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının nümayəndələri iştirak edirdi. Mərasim iştirakçıları Qədili kəndində şəhidin ailəsi ilə görüşdülər. Sonra məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

Ərəbov Orxan Ramiz oğlu 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən əhatəli danışaraq bildirdilər ki, düşmən üzərində heç vaxt unudulmayacaq, qürurumuza, yenilməyən inamımıza çevrilən tarixi və şanlı qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Döyüş yoldaşları şəhidin şərəfli döyüş yolundan qürurla söhbət açdılar.

Zabit XƏLİLOV,

“Respublika”.