Cəsur komandir
Sosial həyat

Cəsur komandir

1992-ci ildə Füzuli rayonunun polis işçiləri erməni quldurlarına qarşı ölüm-dirim savaşında yaxından iştirak edir, odlu səngərlərdə vuruşurdular. Polis işçiləri arasında leytenant Faiq Rəfiyev peşəkarlığı ilə diqqəti cəlb edirdi. Müxtəlif əməliyyatların həyata keçirilməsində onun şücaəti, faydalı məsləhətləri həmişə bəhrəsini verirdi.

O illərdə Füzuli rayonunun Koçbəy kəndi əsl quldur yuvasına çevrilmişdi. Daşnak terrorçularını zərərsizləşdirmək, kəndi düşməndən tam təmizləmək üçün az bir vaxtda hücum planı hazırlandı.

Uşaqlar, ermənilərin dərsini verməliyik, - deyə Faiq Rəfiyev irəli keçdi. Qaranlıq bir gecədə düşmən sayca üstünlük təşkil etsə də, erməni yaraqlıları Azərbaycan əsgərinin qarşısında dözüm gətirə bilmədi. Onlar pərən-pərən düşüb, geri çəkilməyə məcbur oldular.

Belə bir çətin məqamda leytenant Faiq Rəfiyevin gur səsi eşidildi: "İrəli, yalnız irəli!" Bu ağır döyüşdə cəsur komandir, Füzulinin qəhrəman oğlu Faiq Rəfiyevin sinəsi düşmən gülləsinə tuş gəldi, Vətən yolunda şəhidlik zirvəsinə ucaldı, son mənzili Füzuli rayonunun Sarıcıq kənd qəbiristanlığı oldu...

Faiq Qəzənfər oğlu Rəfiyev 22 fevral 1955-ci ildə Füzuli rayonunun Sarıcıq kəndində dünyaya göz açmışdı. Qarakollu kənd orta məktəbində təhsil alarkən dərs əlaçısı kimi tanınmış, idmana, musiqiyə böyük maraq göstərmişdi.

Orta təhsilini başa vurduqdan sonra Faiq qəti qərara gəldi. Əsgəri xidmətini bitirib Arxangelsk vilayətinin Plisetski rayonunda milis sistemində işə düzəldi. O, işləyə-işləyə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsinə daxil oldu. Təhsildə fərqlənən bir çox qafqazlı uşaqlar kimi, çalışqanlığı ilə diqqəti cəlb etdi. Milis nəfəri kimi ayrı-ayrı cinayətkarların tərk-silah olunub zərərsizləşdirilməsində əlindən gələn hər şeyi etdi. Dəfələrlə tərifnamələrə və "Milis əlaçısı" döş nişanına layiq görüldü. 1989-cu ildə təhsilini başa vuran leytenant Faiq Rəfiyev Plisetski rayonuna sahə müvəkkili təyin olundu.

1990-cı ildə baş verən 20 Yanvar faciəsi qürbət eldə yaşayan Faiq Rəfiyevi çox narahat etdi. O, Bakıya qayıtdı. İşlə təmin olunmaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət etdi. Təcrübəsi nəzərə alınaraq onu Xocavənd rayonuna sahə müvəkkili göndərdilər. Faiq bir zabit kimi Qarabağda gedən döyüşlərdə iştirak etmiş, daşnak quldurlarına qarşı igidliklə vuruşmuş, postların qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində əlindən gələni əsirgəməmiş, bir çox uğurlu döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. Axullu, Tuğ, Qaradağlı kəndlərində göstərdiyi şücaətlər Faiqin qəhrəmanlığından xəbər verirdi.

10 yanvar 1992-ci ildə leytenant Faiq Rəfiyev döyüşlərdə ağır yaralanmış və onu ölümün pəncəsindən qurtarmaq mümkün olmamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Faiq Rəfiyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" Fəxri adına layiq görülmüşdür.

Qəhrəman komandirin 2 qız övladı yadigar qalmışdır. Onlar şəhidlik zirvəsinə yüksəlmiş ataları ilə fəxr edirlər.

Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Faiq Rəfiyevin adını daşıyır.

Qədir ASLAN,

"Respublika".