Cəsur snayperçinin rəşadətli döyüş yolu
Region

Cəsur snayperçinin rəşadətli döyüş yolu

Biləsuvarda  Vətən  Müharibəsində  böyük  rəşadət  və  igidlik  göstərərək  şəhidlik  zirvəsinə  ucalan Mahmudlu  Babək  Süleyman  oğlunun  xatirəsi  ehtiramla anıldı.
Qəhrəman  şəhidimizin  anım  mərasimində  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin  başçısı Faiq  Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri  və  ictimaiyyətin nümayəndələri    iştirak  etdilər.  Mərasim  iştirakçıları  şəhid   Babək  Mahmudlunun  məzarını  ziyarət  edib, ruhuna  dualar  oxuyub, üzərinə  tər  çiçəklər düzdülər.  Sonra   şəhidin  ata ocağını  ziyarət  edərək  valideynləri ilə görüşdülər.  Mərasimdə  qəhrəmanımızın  şərəfli  döyüş  yolundan  danışılaraq  xatirəsi  anıldı. Bildirilib  ki,  Azərbaycan   xalqının  qüruru,  fəxri  olan  şəhidlərimizin  xatirəsinin  bundan  sonra  da daim əziz  tutulacaq  və  dövlətimiz  hər  zaman  şəhidlik  zirvəsinə  ucalan  igidlərimizin  ailələrinin  yanında olacaqdır. Tədbir  zamanı   Azərbaycan  Prezidenti   İlham  Əliyevin   müvafiq  sərəncamları  ilə   Şuşa  şəhərinin  işğaldan  azad edilməsi  uğrunda  aparılmış  döyüş  əməliyyatlarında  iştirak edərək  şəxsi  igidlik  və  şücaət  nümayiş   etdirdiyinə  görə  Babək  Mahmudlunun  təltif  olunduğu  "Şuşanın  azad  olunmasına  görə"  medalı  şəhidin  atasına  təqdim  olundu.  Sonra  yaşadığı  evə  vurulan  xatirə  lövhəsinin  açılışı  oldu.
Mahmudlu  Babək  Süleyman  oğlu - 1995-ci ilin noyabrın 27-də, Biləsuvar  şəhərində  anadan olmuşdur. 2011-ci ildə  Biləsuvar  şəhər  Nizami  adına 1 saylı  tam  orta  məktəbin  9-cu sinifini  başa vuraraq,  Sumqayıt  Texniki Kollecinə  daxil olub. Kolleci  bitirdikdən  sonra  hərbi  xidmətə yollanıb. Naxçıvan  Muxtar Respublikasının  Xüsusi  Təyinatlı  Qüvvələrində  xidmət  üçün  imtahanlardan   uğurla keçərək,  müddətdən  artıq  hərbi  qulluqçu  kimi  vətənə  xidmətini  davam  etdirmişdir.  Manqa komandiri  Babək  Mahmudlu  “İstiqlal”  snayper  kursunu  da  müvəffəqiyyətlə  başa  vurmuşdur. Naxçıvanda  Türkiyə  Cümhuriyyətinin  və  Azərbaycan  Respublikasının  keçirdiyi  birgə  hərbi  təlimlərdə snayper  atəşi  yarışlarında  birincilik əldə  etmişdir.
  27 sentyabr  tarixindən  torpaqlarımızın  işğaldan  azad  olunması  uğrunda  mübarizədə  Babəkin Cəbrayıldan  başlayan  döyüş  yolu  Zəngilana,  Qubadlıyadək  uzanır.  Cəsur  döyüşcü  çətin  döyüş əməliyyatlarının  iştirakçısı  olmaqla,  xeyli  düşmən  əsgərini  “İstiqlal”ı  ilə  məhv  etmişdir.  Babək Mahmudlu  Şuşa  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olmuşdur. 1 noyabr  2020-ci il tarixində  doğulduğu  Biləsuvar  şəhərində  torpağa  tapşırılmışdır.
Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə Azərbaycan  Prezidenti İlham  Əliyevin  müvafiq   sərəncamları  ilə  Babək   Süleyman  oğlu  Mahmudlu ölümündən  sonra "Vətən  uğrunda",  "Şuşanın  azad  olunmasına  görə", "Füzulinin  azad  olunmasına görə" və "Xocavəndin  azad  olunmasına  görə" medalları ilə təltif edilmişdir.


         Ərəstun   ABDULOV,       

          “Respublika”.