Cəsur XTQ döyüşçüsünün şücaəti
Region

Cəsur XTQ döyüşçüsünün şücaəti

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyəti və dəyişməz mövqeyi, eləcə də döyüş meydanında rəşadətli Azərbaycan əsgərinin analoqu olmayan döyüş nümunələri xalqımıza möhtəşəm qələbə sevinci yaşatdı, eyni zamanda Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Hər kəsə məlumdur ki, Ali Baş Komandanın bir çağırışı ilə yaşından asılı olmayaraq minlərlə Azərbaycan vətəndaşı qorxmadan, çəkinmədən, mərdanə şəkildə müharibəyə yollanmaqda israrlı oldu. Əsgərlərimiz ölümün gözünə dik baxaraq yalnız bir amal uğrunda doğma torpaqlarımızı yağı düşməndən azad etmək üçün vuruşdular. Belə cəsur, qorxmaz və igid döyüşçülərdən biri - İkinci Qarabağ müharibəsində düşmənə qan udduran qazi Məmmədzadə İlkin Azər oğlu ilə görüşmək üçün yaşadığı Şəmkir rayonunun Keçili kəndinə yollandıq. Qazimiz və ailə üzvləri bizi səmimiyyətlə qarşıladılar.

Məmmədzadə İlkin Azər oğlu 13 mart 1997-ci ildə qeyd etdiyimiz ünvanda anadan olmuşdur. 2003-2014-cü illərdə Ə.Həsənov adına Keçili kənd 1 saylı tam orta məktəbində təhsil almışdır. 2014-cü ildə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinə qəbul olmuş, 2018-ci ildə həmin ali təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır. Qəhrəmanımızın dediyinə görə, hələ uşaqlıq illərindən XTQ-də xidmət etmək arzusunda olmuşdur. Bu baxımdan o, 4 ay "N" saylı hərbi hissədə qulluq etdikdən sonra arzusuna çatmaq üçün öz xahişi ilə 6 ay XTQ-də təlim keçmişdir. Kurs başa çatdıqdan sonra kiçik gizir rütbəsi ilə XTQ-də xidmətə başlamışdır. Xidmət dövründə nümunəvi davranışına görə komandanlığın dərin hörmətini qazanmışdır. İlkin Məmmədzadə torpaqlarımızın azadlığı uğrunda haqq savaşımız başlayarsa, ön cəbhədə vuruşmağı qarşısına məqsəd qoymuşdu, ən nəhayət o, arzusuna çatdı.

27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə əbədi-əzəli torpaqlarımızın azadlığı uğrunda haqq savaşına başlayanda İlkin xidmət etdiyi taborun tərkibində müharibəyə qatıldı. Onun döyüş yolu Murovdağ silsiləsindən başlamışdır. Çox qısa zamanda İlkingilin taboru Murovdağda düşmənin 2 strateji postunu ələ keçirmişdir. Döyüş tapşırığına uyğun olaraq onlar Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərə qatılmışlar. Onların əsas vəzifəsi gizli mövqelərdə yerləşən düşmən postunun yerini müəyyən edərək hədəfi məhv etmək olmuşdur. Həmin döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi zərərsizləşdirilmişdir. Qorxaq ermənilərin sağ qalanları həmişə olduğu kimi, əsgərlərimizlə bacarmadıqda qaçmağa məcbur olmuşlar.

İlkin Məmmədzadə onu da bildirdi ki, həmin döyüşdə düşməndən 10 ədəd tank və başqa hərbi qənimətlər götürülmüşdür. Cəbrayıl düşməndən azad olunduqdan sonra əsgərlərimiz hədsiz yorğun və yuxusuz olmağına baxmayaraq, Hadrutun azad olunması uğrunda gedən şiddətli döyüşlərə qatılmışlar və Hadruta İlkin birinci daxil olanlardandır.

Cəsur döyüşçü qeyd edir ki, müharibə zamanı hər bir tabora bir-birindən fərqli tapşırıqlar verilmişdir. Onların taboru bina əməliyyatını yerinə yetirərək evlərdə gizlənərək əsgərlərimizə atəş açan erməniləri məhv etmək olmuşdur. Həmin əməliyyatlarda İlkinin döyüş yoldaşlarından 4 nəfər ağır yaralanmış, 2 nəfər isə ən uca zirvəyə, şəhidlik məqamına ucalmışlar. İlkin ən çətin şəraitdə ağır yaralanmış yoldaşlarından ikisinə özünü itirmədən tibbi yardım göstərmiş, güclü qanaxmanın qarşısını alaraq ölümün pəncəsindən xilas etmişdir.

İgid əsgər bir məqamı da qeyd etdi ki, Hadrutun azad olunması zamanı ermənilərdən fərqli olaraq, biz humanistlik göstərərək mülki əhaliyə atəş açmadıq. Əksinə, ermənilərin qoyub qaçdıqları yaşlı ermənilərə köməklik göstərdik, o anlarda bir dənə də olsun güllə atmadıq. Xocalı faciəsi gözümün önünə gəlsə də, öz insanlıq borcumuzu yerinə yetirdik.

Hadrutun azad olunması uğrunda gedən müharibədə müzəffər əsgərlərimiz xeyli qənimət əldə etmişlər. 2020-ci il oktyabr ayının 14-də döyüş tapşırığına uyğun olaraq Tuğ kəndinə yollanmışlar. Cəsur döyüşçü İlkin Məmmədzadə düşməndən qənimət kimi götürülmüş piyadaların döyüş maşınının üzərində gedərkən düşmənlərin durduğu pusquya rast gəlmişdir. İlkinin də olduğu hərbi texnika düşmənin atdığı raketə tuş gəlmişdir. Bu zaman 4 nəfər ağır yaralanmış, 1 nəfər döyüş yoldaşı isə şəhidlik zirvəsinə ucalmışdır. Ağır yaralananlardan biri də İlkin olmuşdur.

Döyüş yoldaşları vaxt itirmədən İlkini Füzulidə fəaliyyət göstərən hərbi hospitala çatdırmışlar. İgid əsgər bədəninin çox yerindən qəlpə yarası almışdır. İlkin ən çox sol ayağından zədə almışdır. Təəssüf hissilə qeyd etmək lazımdır ki, onun ayağı dizdən aşağı amputasiya olunmuşdur. Hazırda Almaniyadan gətirilmiş çoxfunksiyalı protez vasitəsilə sərbəst gəzir, istədiyi hərəkətləri edə bilir. Hətta idmanla məşğul olur. Onun bədəninin müxtəlif yerlərində hələ də qəlpələr qalmaqdadır. Qazimizin müalicəsi yüksək səviyyədə davam etdirilir. İlkin dövlətimizin qazilərə və şəhid ailələrinə göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirdi. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Məmmədzadə İlkin Azər oğlu Prezident İlham Əliyevin Sərəncamı ilə "Şücaətə görə", "İgidliyə görə", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Müharibədən sonra o, tələbə yoldaşı Məmmədzadə Aytacla ailə həyatı qurmuş, hazırda xoşbəxt yaşayırlar.

Vəli VƏLİYEV,

"Respublika".