Çətin gündə qardaş köməyi
Digər xəbərlər

Çətin gündə qardaş köməyi

Gözlərimiz qardaş Türkiyəyə dikilib, ürəyimiz darda qalan bacı-qardaşlarımızla birgə döyünür, acıları bir yerdə yaşayır, doğmalarını, əzizlərini itirənlərə təsəlli olmağa çalışırıq. Fevral ayının 6-da Türkiyədə yer yerindən oynadı, bir anın içərisində on əyalətdə şəhərlər, kəndlər dağıldı, zəlzələ nəticəsində yüz minlərlə insan humanitar fəlakətlə üzləşdi, doğma ocağından ayrı düşdü. Bu dəhşətli faciə Türkiyə qədər Azərbaycanı da silkələdi. Acı xəbəri eşidən insanlar ayağa qalxdılar, isti paltar, yorğan-döşək, adyal, ərzaq bağlamaları və digər zəruri əşyaları bir yerə yığmaq üçün toplanış məntəqələri yaratdılar. İlk saatlardan başlayaraq on minlərlə adam gümanı gələn, gücü çatan əşyaları məntəqələrə daşıyır, zəlzələdən zərərçəkən qardaşlarımıza toxtaqlıq verir, uşaqlardan yaşlı insanlara qədər hamı köməyə tələsdi. Dövlətimiz tərəfindən yardımların sistemli şəkildə yığılması üçün tədbirlər görüldü. 44 günlük Zəfər müharibəsindən sonra Azərbaycan yenidən yumruq kimi birləşdi.

Faciəni bütün çılpaqlığı ilə göstərən fəlakətin pəncərəsi çox dəhşətlidir, dağıntılar altında qalan insanları xilas etmək üçün gecə-gündüz arama-axtarış işləri aparılır, texnikanın işləyə bilmədiyi yerlərdə xilasedicilər əlləri ilə uçqunu təmizləyir, əsl fədakarlıq göstərirlər. Zəlzələdən ötən gündən indiyə kimi yüzlərlə insanın həyatı xilas edilib. Buna baxmayaraq, hər gün say artımını min nəfərlərlə göstərən ölüm xəbərləri bizi sarsıdır. Təxminən yüz doxsan min insanın dağıntılar altında qaldığı söylənilir. Dağılan tikililərin sayı on səkkiz mindən çoxdur. Rəqəmlər nə qədər qorxunc olsa da Türkiyə tək ürək kimi döyünür, bir əli fəlakətin nəticələrini aradan qaldırmaq üçün mübarizə aparır, fədakarlıq göstərir, digər əli isə yaraları sarıyır, sarsıntı keçirən insanlara şəfqət göstərir. Azərbaycan ilk gündən qardaş Türkiyənin yanındadır, bir yumruq kimi birləşib, biz bu faciəni qardaş faciəsi yox, öz faciəmiz kimi qəbul edirik. Doğmalarını itirmiş insanlar kimi göz yaşları axıdırıq. Zəlzələ müharibəyə bənzəyir, hər ikisi fəlakətdir və hər ikisi itkilərə, faciələrə səbəb olur, insan taleləri yarıda qırılır, ocaqlar sönür, ümidlər yaralanır. Buna baxmayaraq, hər ikisi ölkə, xalq üçün böyük sınaqdır. Azərbaycan isə yaxşı gündə də, yaman gündə də öz qardaşının yanındadır. Əsl qardaşlığın düsturu da elə budur, böyük türk xalqı bu fəlakətin yaralarını saracaq, dağılan şəhərlər, kəndlər yenidən qurulacaq.

Ölkəmizin hər yerində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur əhalisi zəlzələdən zərərçəkən qardaş və bacılarına yardım göstərməyə davam edir. Füzuli, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan və Ağcabədi rayonlarından zəlzələdən zərərçəkənlərə onlarla TIR yardım göndərilib. Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da davam edir. Ağcabədililər zəlzələ bölgələrinə enerji təminatı məqsədilə 7 ədəd generator, uşaqlar üçün 100 ədəd isti geyim, 250 ədəd açılıb-yığılan çarpayı, 100 ədəd qızdırıcı cihaz göndəriblər. Eyni zamanda, isti geyimlər, dərman preparatları, yorğan-döşək, ərzaq və digər məhsullar da yola salınıb.

Təbii fəlakətin ilk saatlarında Prezident İlham Əliyev qardaş dövlətin rəhbəri Rəcəb Tayyib Ərdoğana zəng edərək dərin hüznlə başsağlığı verdi və bildirdi ki, Azərbaycan Türkiyənin yanındadır, acılarımız da, ağrılarımız da birdir, fəlakət hər bir azərbaycanlının qəlbini sızladır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb. Qeyd edilib ki, humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb. Humanitar yardım 867 xilasetmə və tibbi personal, 2 ədəd mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri ləvazimat və məhsul, 302 034 isti geyim, 693 756 dərman və tibbi ləvazimat, 12 505 qızdırıcı və texniki avadanlıq, 21 367 000 AZN daxildir. Azərbaycan ilə Türkiyə arasında qardaşlığın böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Düşmənlər əsrlər boyu qardaşları bir-birindən ayıra bilməyiblər. Bu qardaşlığın kökləri çox dərinlikdədir, o qədər qırılmaz tellərlə bir-birinə bağlıdır ki, dövranın heç bir gərdişi onu poza bilməyib, onlar zamanın ən çətin sınağından şərəflə çıxıblar. Yaxşı bir el məsəlində deyildiyi kimi, dar gündə qardaş qardaşa arxadır, dayaqdır.

Salman ALIOĞLU,

"Respublika".