Çətin günlərin həmrəyliyi
Digər xəbərlər

Çətin günlərin həmrəyliyi

Vətən müharibəsi təkcə tarixi torpaqlarımızın 30 illik işğaldan azad olunması ilə nəticələnmədi, həm də dünyada yaşayan soydaşlarımızı Qarabağ ətrafında həmrəy etdi.

Haqq savaşımız cənubdakı soydaşlarımızın  da diqqətindən kənarda qalmadı. Güneyli həmvətənlərimiz öz qüvvələri hesabına bir neçə dəfə İrandan Ermənistana silah-sursat daşımasından şübhələndikləri maşınların qarşısını almağa çalışdılar. Cənubdakı qardaşlarımız həsrət körpüsü hesab edilən Xudafərinin yaxınlığındakı mövqelərimizdə xidmət edən əsgərlərimizə dəstək nümayiş etdirdilər. Arazın o tayında cəmləşən soydaşlarımız vətən və torpaq yanğısını 44 günlük müharibədən sonra daha açıq şəkildə göstərdilər.

"Traktor" futbol klubu da uzun illərdir Azərbaycanın haqq səsini ucaldır. 1970-ci ildə təsis olunan "Traktor" İranda yaşayan 35 milyondan artıq azərbaycanlı üçün bir klubdan daha artıqdır. Elə bu səbəbdən də bu klub daim azərkeş sayı ilə diqqət çəkir, rəqiblərini üstələyir. Bir çox mənbələrdə "traktorçular" türkdilli ölkələr arasında ən çox dəstəkçisi olan klub kimi göstərilir.

Vahid Azərbaycanın yaranmasından qorxan İran isə "Traktor" klubunun fəaliyyətini məhdudlaşdırmağa çalışır. İran Futbol Federasiyası İnzibati Komitəsi klub və onun tərəfdarlarına qarşı qərəzli qərarlar verir. Klub son 10 ildə yaxşı nəticələr göstərsə də, çempion ola bilmir. Lakin azərbaycanlılara qarşı bu ayrı-seçkilik komanda heyəti və klubun dəstəkçilərinin mübarizə əzmini qırmır.

Ölkəmizin İrandakı səfirliyinə terr

or hücumu ilə bağlı da  "Traktor" futbol komandası Azərbaycana dəstəyini nümayiş etdirdi. Cənubi Azərbaycan təmsilçisi sosial şəbəkədə "Qardaş acısını qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu şiddətlə qınayırıq. Terrora son!" yazaraq soyköklərinə olan bağlılığını bir daha nümayiş etdirdi.

Xoyda baş verən zəlzələ zamanı zərər görmüş azərbaycanlılara bizim əlimiz çatmasa da, "Traktor" futbol klubu qarşıdakı oyunlarda satılacaq biletlərin pulunun Xoy sakinlərinə yardım olaraq veriləcəyini açıqladı. Beləliklə, "Traktor" atdığı addımlar ilə adi bir futbol klubundan daha çox əhəmiyyətə malik olduğunu hər fürsətdə sübut edir.

Jalə QASIMZADƏ,

"Respublika".