Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı, azad edilmiş ərazilərimizdə “yaşıl” enerji zonasının inkişafında çex şirkətlərinin iştirakı imkanları və digər məsələlər barədə müzakirə aparılıb. Bu barədə 2 iyun İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilir.
Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ikitərəfli əlaqələrin genişlənməsinə önəm verildiyini bildirib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. Bu ilin yanvar-aprel aylarında Azərbaycan-Çexiya ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb. İki ölkə arasında Avropa İttifaqı çərçivəsində, həmçinin, ticarət, enerji, kənd təsərrüfatı və digər sahələrdə səmərəli əməkdaşlıq var. Bununla yanaşı, investisiya, sənaye, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın genişləndirilməsi, neft-kimya məhsullarının Çexiyaya ixracı üçün geniş imkanlar qeyd olunub.
Görüşdə Azərbaycanın nəqliyyat-tranzit imkanları, Ələt Azad İqtisadi Zonası, Bakı Gəmiqayırma Zavodu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verilib, ölkəmizin sənaye istehsalının lokallaşdırılmasında maraqlı olduğu, çex şirkətlərinin bu məsələdə fəal rol oynaya biləcəkləri bildirilib.
Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər barədə müzakirə aparıblar.
“Respublika”.