Ceyhun Bayramov: Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir
Siyasət

Ceyhun Bayramov: Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir

Azərbaycanla Bosniya və Herseqovina arasında münasibətlər, siyasi dialoq yüksək səviyyədə inkişaf edir, eyni zamanda, parlamentlərarası əlaqələr mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçlə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.

Nazir bildirib ki, görüşdə Balkan yarımadasında və Cənubi Qafqazda əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə başlanılması ilə bağlı razılıq əldə edilib.

Ceyhun Bayramov postpandemiya dövründə ölkələrimiz arasında təhsil, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin güclənəcəyinə əminliyini bildirib.

Nazir qeyd edib ki, Bosniya və Herseqovina nümayəndələri Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında hər zaman iştirak edirlər. Uğurla fəaliyyətə başlamış bu layihənin Avropa İttifaqından olan həmkarlarla genişlənmə perspektivləri müzakirə olunur. 2022-ci ilin fevralında baş tutacaq Məşvərət Şurasının iclasında Bosniya və Herseqovina Cənub Qaz Dəhlizi layihəsini əlavə şaxələndirmə istiqamətlərindən biri ola bilər.

AZƏRTAC