Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcək
Siyasət

Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcək

İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Milli Məclisinin sədri, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri və Türkiyə Böyük Millət Məclisinin sədri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib. Mustafa Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib. Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov öz növbəsində üç qardaş ölkənin parlament rəhbərlərinin görüşünün nəticəsi olaraq Bakı Bəyannaməsinin imzalandığını məmnunluqla qeyd edib. O bu hadisənin qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib. Nazir dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını, bu münasibətlərin geniş və hərtərəfli olduğunu vurğulayıb.

2021-ci ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin bir araya gədiyini xatırlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu vurğulayıb. Nazir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini və imzalanmış Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən etibarən Türkiyə xalqının başda Türkiyə Prezidenti olmaqla, bütün səviyyələrdə dəstəyini hiss etdiyini və bunun yüksək dəyərləndirildiyini vurğulayıb. Nazir hazırda Türkiyənin bölgədə sülhün təmin olunması istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə, o cümlədən parlament əməkdaşlığı istiqamətində, habelə regional təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

AZƏRTAC