Ceyhun Bayramov: Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi, çox müsbət mənada inkişaf edəcək
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi, çox müsbət mənada inkişaf edəcək

Azərbaycanın xarici siyasətinin prioritetləri bütün ölkələrlə mehribanlıq, dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir, xüsusilə yaxın və qonşu ölkələrlə. Azərbaycan-İran münasibətləri hər zaman məhz bu müstəvidə inkişaf edib. Buna misal olaraq, yaxın illərdə iki ölkə arasında həyata keçirilən çoxsaylı, müxtəlif səpkili layihələri göstərmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, Azərbaycan ilə İran arasında bəzi məqamlarla bağlı ziddiyyətli fikirlərin, fikir ayrılıqlarının olması ilə əlaqədar suallar ortaya çıxır. Lakin biz məsələyə real baxmalıyıq. İstənilən iki qonşu, xüsusilə münasibətləri çox geniş ölkələr arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları ola bilər. Bu, istisna deyil. Fikir ayrılıqları olduğu halda belə öz aramızda, bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yollarının tapılmasına tərəfdarıq.

 "Son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarımla telefon danışıqları, diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr oldu. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi, bundan sonra da çox müsbət mənada inkişaf edəcək. İki yaxın qonşu ölkə olaraq bizi birləşdirən çoxsaylı bağlar var. Biz xalqlarımızın və dövlətlərimizin rifahı üçün birgə layihələr icra edə bilərik", - deyə xarici işlər naziri qeyd edib.

AZƏRTAC