Ceyhun Bayramov Nyu-Yorkda Laosun və Nikaraquanın xarici işlər nazirləri ilə görüşlər keçirib
SİYASƏT

Ceyhun Bayramov Nyu-Yorkda Laosun və Nikaraquanın xarici işlər nazirləri ilə görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Laosun xarici işlər naziri Saleumxay Kommasith və Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Laosun və Nikaraquanın xarici işlər nazirləri həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Ölkələrimiz arasında iqtisadi, təhsil, mədəniyyət və sair istiqamətlərdə əməkdaşlığın artırılması, biznes forumlarının təşkili, siyasi məsləhətləşmələrin keçirilməsi və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi niyyətləri diqqətə çatdırılıb.

Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.

AZƏRTAC