“Cinayət prosesində ittiham
Digər xəbərlər

“Cinayət prosesində ittiham" monoqrafiyasının ikinci cildi çapdan çıxıb

Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin "Cinayət prosesində ittiham" monoqrafiyasının ikinci cildi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, monoqrafiya cinayət prosesində ittiham institutunun və ittiham funksiyasının tam və kompleks tədqiqinə həsr edilib.

Kitabın ikinci cildində birinci instansiya məhkəməsində ittiham funksiyasının həyata keçirilmə xüsusiyyətləri, məhkəmədə ittihamın dəyişdirilməsi və dövlət ittihamçısının ittihamdan imtina etməsi məsələləri, ittiham nitqi və replikaların əhəmiyyəti ətraflı işıqlandırılıb, o cümlədən hökmün və ya digər yekun qərarın çıxarılmasına ittihamın həlli kimi baxılıb. Həmçinin apellyasiya protesti və apellyasiya şikayəti verməyə, kassasiya protesti və kassasiya şikayəti verməyə, eləcə də əlavə kassasiya protesti və əlavə kassasiya şikayəti verməyə ittiham funksiyasının tərkib elementi kimi diqqət yetirilib. Əsərdə MDB ölkələrinin, Avropa dövlətlərinin və ABŞ-ın cinayət prosesində ittiham funksiyası tədqiq edilib, ittiham funksiyasının həyata keçirilməsində beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların rolu, eləcə də ittiham funksiyasının həyata keçirilməsində cinayət işlərinə dair hüquqi yardım (beynəlxalq əməkdaşlıq) məsələləri şərh edilib. Bütün bunlar oxuculara "Birinci instansiya məhkəməsində ittiham funksiyası", "Apellyasiya instansiyasında ittiham funksiyası", "Kassasiya və əlavə kassasiya icraatlarında ittiham funksiyası", "Bəzi xarici dövlətlərin cinayət prosesində ittiham funksiyası", "İttiham funksiyasının həyata keçirilməsinin beynəlxalq hüquqi aspektləri" adlı 5 fəsildə təqdim edilib.

Nəşrə, həmçinin təcrübi işçilər arasında keçirilmiş rəy sorğusunun məzmunu və ümumiləşdirilmiş nəticələri, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun nəzəri layihəsi əlavə edilib.

Tədqiqatın nəzəri bazası kifayət qədər zəngin olub, yerli və xarici alimlərin müvafiq mövzuya dair əsərlərini ehtiva edir. Kitabın normativ bazasını Azərbaycan Respublikasının qüvvədə olan, eləcə də müqayisəli-hüquqi tədqiqatlar hissəsində MDB dövlətlərinin, Avropa dövlətlərinin bir qisminin, həmçinin ABŞ-ın qüvvədə olan cinayət-prosessual qanunvericiliyi, ölkəmizin Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən cinayət-prosessual hüquq normalarına verilən rəsmi təfsirlər təşkil edir. Tədqiqatın empirik bazası da zəngindir. Bu baxımdan zəngin şəxsi təcrübəni, rəsmi statistik məlumatları, məhkəmə-istintaq orqanları əməkdaşları arasında keçirilmiş rəy sorğusunun ümumiləşdirilmiş nəticələrini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövzu ilə əlaqədar məsələlərə dair müxtəlif qərarlarını, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən verilmiş izahları, o cümlədən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin konkret cinayət işləri üzrə qərarları qeyd etmək olar.

Monoqrafiyanın hazırlanması zamanı dialektik idrak təliminin müddəaları rəhbər tutulub, analiz, sintez, formal məntiqi yanaşma, statistikanın analizi, təcrübənin ümumiləşdirilməsi, müqayisəli hüquqşünaslıq, qüvvədə olan hüquq normalarının doktrinal təfsiri, təcrübə işçiləri arasında rəy sorğusu və digər bu kimi elmi tədqiqat metodlarından geniş istifadə edilib.

Kitabın elmi redaktoru, Bakı Dövlət Universitetinin "Cinayət prosesi" kafedrasının müdiri hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova yazır: "Tədqiqat ənənələrinə sadiq qalaraq hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev monoqrafiyanın ikinci cildində də bəzən elə sənədlərə istinadlar etmişdir ki, adi şərtlər daxilində sıradan bir oxucunun, xüsusilə də hüquq fakültəsi tələbələrinin mövcud proqram hüdudlarında tədris zamanı həmin sənədlərin mövcudluğundan və onların məzmunundan xəbərdar olması inandırıcı deyil. Bu anlamda həmişəki kimi müəllifin bu əsəri də ciddi informativ funksiya yerinə yetirir və oxucuları, ən əsası da gənc hüquqşünasları bir sıra spesifik hüquqi sənədlərin mövcudluğundan xəbərdar edir, onların diqqətini həmin aktlara cəlb edir, onları bu materiallarla tanışlığa, tədqiqat və tədris prosesində onlardan istifadəyə sövq edir. Kitabın bu cildində də istifadə olunmuş Baş Prokurorluqda idarəçilik, icra və əmək intizamı, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili məsələlərini, həmçinin Baş Prokurorluğun struktur qurumları və onun prokurorluq sisteminə daxil olan digər qurumları arasında münasibətlərini, eləcə də digər zəruri məsələləri tənzimləyən "Azərbaycan Respublikası Baş Prokurorluğunun İşin Təşkil Qaydaları" adlı normativ xarakterli aktı buna misal göstərmək olar".

Ölkədə məhkəmə-hüquq islahatlarının dərinləşdiyi, hüquq-mühafizə orqanları sisteminin və qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirildiyi bir dövrdə cinayətkarlığa qarşı mübarizədə ən əsas və əvəzedilməz vasitələrdən olan ittiham institutunun tədqiqi və inkişaf perspektivlərinin qiymətləndirilməsi öz aktuallığı ilə seçilir. Bu baxımdan "Cinayət prosesində ittiham" monoqrafiyasının II cildi də elmi-praktik məzmunu ilə müvafiq sahəyə dəyərli töhfədir.

Kitabdan hakimlər, vəkillər, prokurorlar, hüquq-mühafizə orqanlarının digər əməkdaşları, hüquqşünas alimlər, elmi tədqiqatçılar, hüquq fakültəsinin müəllim və tələbələri, cinayət-prosessual hüquqla maraqlanan şəxslər istifadə edə bilərlər.

Monoqrafiyaya hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Elmi-tədqiqat və doktorantura şöbəsinin baş elmi işçisi hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov rəy yazıblar.

Xatırladaq ki, monoqrafiyanın birinci cildi 2020-ci ildə nəşr edilib. İki cilddən ibarət monoqrafiya ümumilikdə 11 fəsildən ibarətdir.

AZƏRTAC