Cinayətkarlıqla mübarizədə ədliyyə sahəsində səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirilir
Digər xəbərlər

Cinayətkarlıqla mübarizədə ədliyyə sahəsində səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığa qarşı mübarizə üzrə qəti tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və hüquqi yardım sahəsində cəzanın labüdlüyü prinsipini təmin edən səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması bu sahədə fəaliyyəti daha effektiv edir. Xüsusilə, qlobal pandemiya şəraitində cinayətkarların təslim edilməsi ilə bağlı operativliyin təmin olunması üçün sorğuların elektron qaydada baxılması barədə xarici həmkarlarla razılığa nail olunub. Ötən dövrdə beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Türkiyə, Bosniya və Herseqovina, Əlcəzair, Ukrayna və s. dövlətlərdən ölkəmizə ekstradisiyası təmin edilib.

Qeyd olunmalıdır ki, külli miqdarda dələduzluq törədən beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı bu yaxınlarda Monteneqroda saxlanılıb. Ədliyyə Nazirliyi tərəfindən aparılan danışıqlar nəticəsində onun ekstradisiyası ilə bağlı razılıq əldə edilib və İstanbul hava limanı vasitəsilə ölkəmizə tranzit gətirilməsi qardaş Türkiyə ilə razılaşdırılıb. Nəticədə həmin şəxs nazirliyin əməkdaşları tərəfindən dekabrın 4-də Bakıya gətirilib.

Ümumilikdə isə son üç il ərzində cinayət törətməkdə təqsirli bilinən 80 nəfərdən çox şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.

Bununla da cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.

AZƏRTAC