Çinli tələbələr Qış Olimpiya Oyunlarında Azərbaycan idmançılarını dəstəkləyirlər
Sosial həyat

Çinli tələbələr Qış Olimpiya Oyunlarında Azərbaycan idmançılarını dəstəkləyirlər

Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr XXIV Qış Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza dəstək məqsədilə videoçarx hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, videoçarxda iki xalq arasında tarixi İpək yolu dövründə yaranmış dostluğun zamanın sınağından uğurla çıxdığı, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağı vurğulanıb. Tələbələr XXIV Qış Olimpiya Oyunlarında Azərbaycan idmançılarına uğurlar arzulayıb, onların Pekindən Vətənə gözəl nəticələrlə qayıtmalarını diləyiblər.

Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illərdə dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizi və mədəniyyətimizi təbliğ edən layihələr icra olunub. Belə ki, "Nəsimi İli" çərçivəsində 2019-cu ildə universitetdə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib. "Nizami Gəncəvi İli"ndə isə Azərbaycan dili kafedrasının həyata keçirdiyi "Nizami irsi" adlı elmi-ədəbi layihə çərçivəsində Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan elmi jurnal çap olunub. Jurnala Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrin 11 işi daxil edilib.

Çinli gənclər 2020-ci ildə Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizəsinə dəstək məqsədilə videoçarx hazırlayıb.

AZƏRTAC