Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına…
Region

Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına…

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi münasibətilə ADPU-nun Ağcabədi filialında yubiley tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent Mobil Məcidov Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Əhməd Cavadın yüksək vətənpərvərlik qayəsindən, doğma xalqına, dövlətçiliyimizə sədaqətindən qürur hissi ilə söz açaraq bildirib ki, Əhməd Cavad M.F.Axundzadə, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid və başqaları ilə başlayan Azərbaycan milli istiqlal ideyası və türkçülük məfkurəsinin davamçısıdır.

Sonra filialın dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev Əhməd Cavadın ədəbi şəxsiyyəti, yaradıcılığındakı ümumtürk məramından danışaraq onun Şərqdə ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Dövlət Himni mətninin müəllifi kimi xalqın mənəvi yaddaşında əbədi yaşayacağına əminlik hissini ifadə edib. Tədbirdə “Əhməd Cavadın yaradıcılıq yolu” mövzusunda məruzə edən dosent Mətanət Fərzəliyeva istiqlal şairinin poeziyasının dil, üslub  və ideya-bədii xüsusiyyətlərindən bəhs edib. “Əhməd Cavadın dövrü və həyatı” mövzusunda məruzə edən filialın gənc müəllimi Maya Abdullayeva şairin həyatı, yaşadığı dövr və onu yüksək amallar şairi kimi yetişdirən ictimai-siyasi mühit haqqında ətraflı məlumat verib.

Məruzələr dinlənildikdən sonra filialın Pedaqoji fakültəsinin bir qrup tələbəsinin təqdimatında şairin yaradıcılığından lirik nümunələr və sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib.

“Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına” söyləyən şairin uzaqgörənliyi bir əsr bundan əvvəl poetik nümunələrdə öz əksini tapıb və nə xoş ki, bir əsr keçəndən sonra da dünya Türkün bayrağına baxır...

                                           Salman ALIOĞLU,

                                             “Respublika”.