Cocuq Mərcanlı nümunəsi
Region

Cocuq Mərcanlı nümunəsi

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad olunmuş ilk yaşayış məkanımızdır. 1993-cü ildə erməni işğalına məruz qalan kənd 1994-cü ildə "Horadiz əməliyyatı" nəticəsində işğaldan azad edilsə də, yüksəkliklər mənfur düşmənin əlində olduğundan burada yaşayış qeyri-mümkün idi. 2016-cı ildə şanlı Ordumuzun döyüş məharəti sayəsində ermənilər darmadağın edildi, üçrəngli bayrağımız Lələtəpə zirvəsində dalğalandı.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlı kəndinin ərazisində müasir infrastruktura malik qəsəbə inşa edildi. Elə bu dövrdən cocuqmərcanlılıların doğma yurda qayıdışı başladı. Qəsəbədə ilkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası həyat vəsiqəsi aldı. Cocuq Mərcanlıda əlavə olaraq daha 100 ev, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikildi.

Kənd camaatının doğma yurda qayıdışı zamanı kiçik yaşlarında Cocuq Mərcanlıdan valideynləri ilə birlikdə məcburi köçkün düşən  Şahin Hüseynovla vaxtilə etdiyimiz söhbəti xatırlayırıq. Şahin dedi:

- Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızın bir hissəsini düşməndən azad etdi və bizim doğma ata-baba torpaqlarımıza qayıtmaq imkanımız yarandı. Mən, Cocuq Mərcanlıda salınan qəsəbəyə,  orada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Biz 1993-cü ildən Biləcəri qəsəbəsində məskunlaşmışıq. Ailəmiz 5 nəfərdir. Cocuq Mərcanlıda artıq bizim 3 otaqlı evimiz var. Kəndimizdə əkin-biçinlə, heyvandarlıqla məşğul olub öz təsərrüfatımı yaratmaq istəyirəm. Gün o gün olsun ki, işğal altındakı digər ərazilərimiz də azad olunsun, məcburi köçkünlərin hamısı öz torpaqlarına qayıtsın.

Şahinin arzusu çin oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz cəmisi 44 gün ərzində doğma torpaqlarımızı işğaldan azad etdi. Artıq Qarabağda yenidənqurma, abadlıq-quruculuq işlərinə start verilmişdir. Tezliklə bu torpaqlarda Cocuq Mərcanlı nümunəsinin şahidi olacağıq.

Cocuq Mərcanlı bu gün ən abad yaşayış məkanlarımızdan biridir. Burada yaşayış üçün gərəkli olan bütün infrastruktur mövcuddur. Qəsəbədə məscid, "Qayıdış" mədəniyyət və istirahət parkı, məktəb və digər sosial-məişət obyektləri mövcuddur. Qəsəbədə iri təsərrüfat sahələri yaradılıb. Suvarma təminatı işləri həyata keçirilib. Kənddə istixanalar tikilib, sakinlərə arı ailələri paylanıb. Burada inkubator məntəqəsi, suvenir istehsalı müəssisəsi fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, qəsəbə sakinlərinin Şahin dediyi kimi, əsas məşğuliyyət sahəsi ötən illərdə olduğu kimi, kənd təsərrüfatı işləridir. Cəbrayıl Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov cari ildə kənd fermerlərinin əldə etdiyi nailiyyətlərdən danışdı:

- Qəsəbədə cari ildə 84 hektar sahədə taxıl əkilmişdi. 53 hektarda buğda, 31 hektarda arpa becərilmişdi. Tarlalardan 281,3 ton məhsul götürüldü. Hektardan 33,5 sentner məhsuldarlıq əldə olundu. Hazırda 10 hektarda pambıq, 17,8 hektarda şəkər çuğunduru becərilir. İstixana və arı ailələrindən əldə olunan məhsullar ölkənin bazarlarına çıxarılır.

Fermerlər ərazidə 228 baş iribuynuzlu mal-qara, 2504 baş davar saxlayırlar.

Şahin Şirinov onu da bildirir ki, işğaldan azad olunan torpaqlarımızın minalardan təmizlənən kəndlərində Cocuq Mərcanlı təcrübəsindən geniş istifadə olunacaq.

Tofiq HÜSEYN,

"Respublika".