Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyası
Elm və təhsil

Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyası

Noyabrın 29-da Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda "Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyası" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı,  Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnistitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova) və Təbriz Universitetinin (İran) təşkilatçılığı ilə baş tutub.

Konfransın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını tapmaqdan ibarətdir. Bu konfransa ümumilikdə 14 ölkədən (Azərbaycan, Türkiyə, İran, Pakistan, Gürcüstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Banqladeş, Avstraliya, Moldova və Yəmən) 150-yə yaxın iştirakçı müraciət etmiş, göndərilən məqalələrdən 102-si elmi heyət tərəfindən konfransda məruzə olunmaq üçün qəbul edilmişdir.

Konfransın təşkilatçıları Zaur İmanov və Sərxan Cəfərov iki gün ərzində keçiriləcək konfransda çıxışlar zamanı müasir coğrafiyanın problem və çətinliklərindən geniş şəkildə bəhs ediləcəyini bildirdilər. Sonra Coğrafiya İnstitutunun direktoru Zakir Eminov konfrans barədə geniş məlumat verərək dedi: "Son illər baş verən temperatur dəyişikliyi, dünyada su ehtiyatlarının tükənməsi, ərzaq qıtlığı, əhalinin sayının artması kimi problemlərin həlli coğrafiyada mühüm rol oynayır".

Konfransda Özbəkistandan gələn Cizzax Dövlət Pedaqoji Universitetinin  nümayəndəsi Dilfuzə İmomova çıxış edərək Bakıya səfərindən məmnun qaldığını bildirdi: "Sizi günəşli Özbəkistandan salamlayıram. Bakı çox gözəl və təmiz şəhərdir. İnsanları da olduqca mehriban və qonaqpərvərdir". Daha sonra konfransa onlayn formatda qoşulan Qırğızıstan Respublikasının Təhsil və Elm naziri Ulanbek Mambetakunov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzuladı.

İki gün davam edəcək konfransda müasir coğrafiyanın problemləri və həlli yolları istiqamətində maraqlı fikir mübadiləsi aparılacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".