Coğrafiyaşünas alim, ictimai xadim  Budaq Budaqov
Sosial həyat

Coğrafiyaşünas alim, ictimai xadim  Budaq Budaqov

Alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Budaq Əbdül oğlu Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanın Zəngibasar mahalının Çobankərə kəndində anadan olmuşdur. 1933-1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kəndində natamam orta məktəbdə təhsil almışdır. 1940-1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan pedaqoji məktəbində təhsilini davam etdirmişdir. İlk əmək fəaliyyətinə isə doğulduğu Çobankərə kəndində kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında oxumuşdur.

Budaq Budaqov Azərbaycanda və dünya miqyasında tanınmış coğrafiyaçı alimdir. O, müasir coğrafiyamızın geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəbinin banilərindən biridir. Alimin elmi yaradıcılığı Azərbaycan ərazisinin geomorfologiyasının, landşaftının, yeni tektonik hərəkətlərinin, toponimikasının, ekologiyasının, dağıdıcı təbii proseslərin tədqiqinə, ətraf mühitin qorunmasına, irimiqyaslı geomorfoloji xəritələrin tərtibinə, məktəb coğrafiyasının inkişafına həsr olunmuşdur. Onun 1983-cü ildən başlayaraq məktəb coğrafiyası sahəsində gördüyü işlər həm məktəb müəllimləri, həm də şagirdlər üçün çox faydalı olmuşdur. Son illərdə orta məktəblərin səkkizinci sinfi üçün yazdığı Azərbaycan Respublikasının fiziki coğrafiyası adlı dərslik bir neçə dəfə yenidən nəşr edilmişdir. Azərbaycanlı alimlər arasında respublika tarixində və ümumiyyətlə keçmiş SSRİ məkanında Azərbaycan SSR geomorfologiyası sahəsində fundamental monoqrafiyanın müəllifidir.

B.Budaqov əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. Bir müddət işlədikdən sonra böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini kimi çalışmışdır. 1967-ci ildə coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni tektonikası" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1967-1986-cı illərdə AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri işləmişdir. 1970-1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyəti prezidentinin müavini seçilmişdir. Müxtəlif dövrlərdə bir çox məsul vəzifələrdə çalışan alim AMEA Coğrafiya İnstitutunun Fiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri və eyni zamanda AMEA-nın həqiqi üzvü olmuşdur. Budaq Budaqov elmi-ictimai mövqeyindən istifadə edərək daim instituta perspektivli, bacarıqlı gənclərin işə götürülməsinə, aspiranturaya qəbul zamanı müsabiqələrdə bilikli gənclərə üstünlük verilməsinə çalışmışdır. Elə bu məqsədlə də SSRİ EA-nın müvafiq institutlarına göndərilən aspirantları Moskvaya özü aparır, onların SSRİ EA Coğrafiya, Okeanologiya İnstitutlarının, Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin aspiranturasına qəbul edilməsinə yardımçı olurdu. 1994-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1988-ci ildə respublikanın payına düşən Xəzər dənizinin Azərbaycan sektorunda mühüm elmi işlər aparmaq üçün İnstitutda Xəzər dənizini öyrənən şöbə təşkil etmişdir. Xalqın maariflənməsinə və intellektual səviyyəsinin yüksəlməsinə xidmət etmək görkəmli alimin ömrünün mənasına çevrilmişdir.

Budaq Budaqov Azərbaycanda coğrafiya elminin inkişafına mühüm töhfələr vermişdir. Alimin tədqiqatlarının başlıca istiqamətlərini geomorfologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil etmişdir. Onun əsas elmi uğurları Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlıdır. Alimin gərgin əməyi və rəhbərliyi sayəsində ölkəmizdə səhralaşma proseslərinin elmi əsasları araşdırılmış və landşaftın geokimyasına dair problemləri tədqiq edilmişdir. Budaq Budaqov tədqiqatçı bacarığı və yüksək ensiklopedik biliyi, dərin təfəkkürü olan alim kimi Cənubi və Qərbi Azərbaycanda, Gürcüstan və Mərkəzi Asiyada olan türk mənşəli adları işləyərək geniş oxucu kütləsinə çatdırmışdır.

Alimin Azərbaycanın elm sahəsindəki xidmətləri bununla bitmir. O, coğrafi təkanın, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, həmçinin Qafqazda 3600 metr mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkar etmişdir. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşaftın geokimyasını öyrənmişdir. İlk dəfə Azərbaycanda təbii dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq və ərazinin 1:500000 xəritəsini tərtib etmişdir. Alimin "Dağların həyatı", "Əfsanəvi dağlar", "Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası", "Təbiəti qoruyun", "Azərbaycanın müasir təbii landşaftları", "Təbiət və poeziya", "Türk uluslarının yer yaddaşı" və s. kitabları nəşr olunmuşdur. Budaq Budaqovun elmi araşdırmaları ölkəmizlə bərabər, xaricdə də nəşr olunan 1000-dən çox elmi əsər, 30 xəritə-atlas və 40 monoqrafiyada öz əksini tapmışdır. Bütün bunlarla yanaşı, onun fəaliyyətində elmi-kütləvi və publisistik məqalələr də geniş yer tutur. Bu məqalələrdə alim yurdumuzun zəngin sərvətlərindən səmərəli istifadə olunmasını təbliğ etməklə, həm də ictimaiyyətin diqqətini ekologiya və ətraf mühitin qorunması problemlərinə yönəltmişdir. Böyük alimin "Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası" adlı əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.M.Prjevalski adına Qızıl medalına layiq görülmüşdür.

Budaq Budaqov Azərbaycanda coğrafiyaşünaslar məktəbinin formalaşması üçün bilik və bacarığını əsirgəməmiş, coğrafiya dərsliklərinin hazırlanması və yüksəkixtisaslı kadrların yetişdirilməsi işində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktoru hazırlanmışdır. Budaq Budaqov, eyni zamanda bacarıqlı elm təşkilatçısı idi. Beynəlxalq konfrans və simpoziumlarda çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir. Alim MDB Dövlətlərarası Coğrafiya Elminin Fundamental Problemləri Şurasının üzvü, SSRİ-Hindistan, SSRİ-Bolqarıstan, SSRİ-Fransa elmi simpoziumlarının təşkilatçılarından biri və Azərbaycan üzrə elmi rəhbəri olmuşdur. Həmçinin, ölkəmizdə elmi-mədəni həyatda da fəal iştirak etmiş, Ağsaqqallar Şurasının sədri kimi ictimaiyyət arasında yüksək nüfuz sahibi olmuşdur. Budaq Budaqov 60 ilə yaxın Azərbaycan elminin keşiyində layiqincə duraraq onun təbliğinə və inkişafına xidmət etmişdir.

Budaq Budaqov Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, akademik Yusif Məmmədəliyev, akademik Həsən Əliyev, şair Məmməd Araz, mesenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlara, Ümumdünya Sülh Federasiyasının "Planetdə Sülh Naminə", Dinlərarası və Millətlərarası Federasiya tərəfindən "Dünya Səfiri" adına və Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Alim 2012-ci il noyabr ayının 1-də 84 yaşında vəfat etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".