COVID-19 VİRUSUNA QARŞI VAKSİNASİYA TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
Region

COVID-19 VİRUSUNA QARŞI VAKSİNASİYA TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Azərbaycanda pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı, dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əks-epidemik tədbirlərə cəlb olunması səhiyyə müəssisələrinin lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bu baxımdan, pandemiya şəraitində əhali arasında yoluxma hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış əks-epidemik tədbirlərin səmərəliliyini əks etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi Yevlaxda  uğurla davam etdirilir. Əhalinin peyvəndlənməsi 3 yerdə - şəhərdəki Yevlax Ailə Sağlamlıq Mərkəzində, Aran qəsəbə Ailə Sağlamlıq Mərkəzində, Xaldan Ailə Sağlamlıq Mərkəzində xüsusi olaraq ayrılmış vaksin otaqlarında və səyyar həkim briqadaları tərəfindən yerlərdə müvəffəqiyyətlə həyata keçirilir. Qeyd edək ki, ilkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri, həmçinin yaşlı vətəndaşlar peyvənd olunublar.

Yevlax rayonu üzrə hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi ardıcıllıqla  icra olunur. Bu günədək Yevlax rayonu üzrə ümumilikdə 64190 vətəndaşa vaksin vurulub. Bunlardan 38414 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.

Onu qeyd etmək lazımdır ki, vaksin ehtiyatı kifayət qədərdir və indiyədək heç bir əks-göstəriş qeydə alınmayıb.

Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün hər birimizin peyvənd olunması vacibdir.

Zabit XƏLİLOV,

“Respublika”.