ÇOXƏSRLİK TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ
Siyasət

ÇOXƏSRLİK TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ

Zəfər Günü son 30 ildə Azərbaycan xalqının ən çox gözlədiyi bayram olub

Bu gün Azərbaycan Zəfər Gününü - İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini qeyd edir. Bu, xalqımız üçün xüsusi və ikiqat bayramdır - 8 Noyabr həm də Qarabağın və bütün Azərbaycanın incisi olan Şuşa şəhərinin erməni işğalından azad olunduğu gündür.

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini elan etməsi hər birimizin yadındadır. Əminliklə deyə bilərik ki, həmin an çoxumuz göz yaşlarını saxlaya bilmədi, çünki bu sevincli duyğuları yaşamaq hədsiz dərəcədə qürurlu və həyəcanlı idi. Həqiqətən, Şuşa şəhərinin işğaldan azad olunma tarixinin həm də Azərbaycanın Ermənistana qarşı müharibədə Zəfər Günü olmasının müəyyən rəmzi mənası var.

Şuşa şəhərinin azad edilməsi faktiki olaraq 2020-ci ilin payızında Azərbaycan-Ermənistan müharibəsinə möhtəşəm son qoydu. Bundan sonra müharibənin nəticəsi hər kəsə aydın oldu. Ona görə də iki gün keçməmiş Ermənistanın baş naziri Nikol Paşinyan rəhbər olduğu işğalçı ölkəsinin məğlubiyyətini etiraf edərək Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayanda heç kim təəccüblənmədi, çünki bu, əslində bir təslim, sözün həqiqi mənasında kapitulyasiya aktı idi.

Son iki ildə Azərbaycan hərbçilərinin Şuşa şəhərinin azad edilməsi istiqamətində həyata keçirdiyi inanılmaz əməliyyat barədə təkcə respublikamızda deyil, bir çox dünya ölkələrində çox danışılıb. Təbii ki, bu, açıqlanan məlumatların yalnız kiçik bir hissəsidir, yaxşı bilirik ki, sonrakı illərdə biz bu əməliyyatın digər eyni dərəcədə maraqlı detallarını öyrənəcəyik. Hər halda, Şuşanın azad edilməsi əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük çevik əks-hücumunun tacı və müharibənin ilk günlərindən erməni işğalçılarına vurulan ağır zərbələrin məntiqi sonluğu idi.

Əlbəttə, 44 günlük Vətən müharibəsi qaçılmaz idi. Azərbaycan rəhbərliyi Qarabağ məsələsini həll etmək üçün müharibəni mümkün variant hesab etdiyini heç vaxt gizlətməyib. Üstəlik, 2016-cı ildən, xüsusən də 2018-ci ildən sonra Ermənistanla danışıqlar dalana dirəndiyindən, işğal olunmuş ərazilərin azad edilməsi üçün hərbi əməliyyatın aparılmasının labüdlüyünə dair sübutlar yalnız hər il artır və aydın olurdu ki, vasitəçilərin İrəvanı doğru yola çəkmək üçün heç bir təsirli variantı, hətta istəkləri belə yoxdur. Konstruktiv danışıqlar, diplomatik imkanlar tükənəndə, düşmən reallıq hissini itirəndə isə hər şey istər-istəməz hərbi müstəvidə həll edilməlidir. Azərbaycan 30 ilə yaxın idi ki, nəticəsiz danışıqlar apararaq sülh yolu ilə məsələnin həlli naminə bütün mümkün imkanlardan istifadə etmişdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, bu, daha 30 il davam edə bilməzdi.

Beləliklə, Azərbaycan özünümüdafiə hüququndan istifadə etməklə 44 günlük hərbi əməliyyatda 30 ilə yaxın BMT-nin icra olunmamış vəziyyətdə qalmış 4 qətnaməsini özü icra etməklə beynəlxalq hüququn norma və prinsiplərininin bərpa edilməsinə nail oldu. Prezident cənab İlham Əliyevin siyasi müdrikliyi, prinsipiallığı, uzaqgörənliyi, diplomatik məharəti, sərkərdə istedadı, rəşadətli ordumuzun, hər bir əsgər və zabitimizin qəhrəmanlığı, şücaəti, xalq-iqtidar birliyi sayəsində ədalət zəfər çaldı - Qarabağ və Şərqi Zəngəzur erməni faşistlərindən xilas edildi.

Son 20 ildə Azərbaycan ordunun müdafiə potensialının gücləndirilməsinə və peşəkarlığının artırılmasına külli miqdarda maliyyə vəsaiti ayırıb. Heç kimə sirr deyil ki, Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlub olmasının başlıca amili o vaxtkı iqtidarın səriştəsizliyi, satqınlığı idisə, daha bir amil isə kifayət qədər hazırlıqlı ordunun olmaması olub. 90-cı illərin əvvəllərində ordumuz peşəkar, bilikli, bacarıqlı hərbçi kadrların kəskin çatışmazlığını yaşayırdı. Məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə qayıdışından sonra bu boşluq aradan qaldırıldı, ordu quruculuğu prosesinə başlanıldı. Məhz ümummilli liderimizin yaratdığı möhkəm təməllər sayəsində, Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, Prezident cənab İlham Əliyevin müdrikliyi nəticəsində bu gün hərbi peşə Azərbaycanda ən nüfuzlu peşələrdən biri hesab olunur. Ona görə də bu gün ölkəmizin Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində ən qısa zamanda minimum itki ilə düşmənin müdafiəsini dərindən yarıb, düşməni darmadağın etdi.

Hamının yaxşı xatirindədir ki, bəzi əcnəbi siyasətçilər, hərbçilər və ekspertlər Azərbaycanın Qarabağı hərbi yolla azad etmək üçün bir şansının olmadığına eyham edirdilər. Amma Azərbaycan bütün bu "mütəxəssislərə" əhəmiyyət vermədi.

İki il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çoxsaylı müsahibələrini, xalqa müraciətlərini yada salaq. Dövlətimizin başçısı hər bir müsahibəsində, xalqa müraciətində əmin olduğunu bildirdi ki, cəbhədə hər şey planlaşdırıldığı kimi və Azərbaycan üçün lazım olan şəkildə gedir. Bu möhkəm əminlik, qələbə istəyi hər birimizin, o cümlədən qəhrəman əsgər və zabitlərimizin də qəlbinə nüfuz edir, inanılmaz güc verirdi.

Bəli, müharibə zamanı biz çox təzyiqlərlə üzləşdik. Xaricdə erməni lobbisi bütün maliyyə və siyasi imkanlarını müharibəni dayandırmaq və Azərbaycanın işğalçını Dəmir Yumruqla Azərbaycan torpaqlarından qovmasına imkan verməmək üçün səy göstərib. Lakin erməni diasporunun, onların ikiüzlü qərb himayədarlarının bütün bu gərgin cəhdləri nəticəsiz qaldı və Azərbaycan öz əks-hücumunu məntiqi sonluqla - tarixi Zəfərlə başa çatdırdı.

Bu iki il ərzində Qarabağda möhtəşəm dəyişikliklərə şahidlik edirik - geniş və irimiqyaslı tikinti, bərpa-abadlıq işləri aparılır. Böyük qayıdışın ilk addımları atılır. Eyni zamanda, fəal siyasi mərhələ də həyata keçirilir - Azərbaycan öz mövqelərini, sərhədlərini ardıcıl olaraq möhkəmləndirməkdə davam edir. Rəsmi Bakı irəli sürdüyü və Ermənistan rəhbərliyi tərəfindən qəbul edilmiş 5 prinsip əsasında İrəvana sülh müqaviləsi imzalamağı, bir-birinin ərazi bütövlüyünü tanımağı, sərhədləri delimitasiya etməyi, yəni iki qonşu dövlət arasında münasibətlərin normallaşması üçün hər şeyi etməsini təkid edir. Hadisələrin bundan sonra necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. İrəvan hələ də tərəddüd edir, bir siyasi qüvvədən digər siyasi qüvvəyə doğru atılır və Bakıdan gələn sülh təkliflərini qəbul etməkdən yayınır. Bəs o zaman Ermənistanı nə gözləyə bilər? Azərbaycan, eləcə də Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın mövcudluğu və iqtisadi rifahı üçün ən azı bir qədər, bəlkə də yeganə şans deməkdir. Əks halda, Ermənistanı təcrid, yoxsulluq və ümidsiz gələcək gözləyir. Bu, artıq Ermənistanın özü üçün də, indiki və gələcək liderləri üçün də problemdir.

Bu arada Azərbaycan işğaldan azad edilmiş torpaqların bərpası üçün hər şeyi edir. İşğal dövründə Qarabağda və Şərqi Zəngəzurda bir çox şəhər və qəsəbələrimiz dağıdılmış, bu yerlərdə ermənilər Azərbaycan irsini, Azərbaycan xalqına məxsus yüzlərlə, minlərlə mədəni-tarixi abidələri məqsədyönlü şəkildə dağıdıblar. Qəribədir, 30 ilə yaxındır ki, rəsmi Bakı bütün səviyyələrdə erməni vandalizmindən, "səbirli" qərb dövlətlərinin, beynəlxalq qurumların Azərbaycan xalqına, onun irsinə qarşı törətdikləri terrordan danışsa da, bu çağırışlarımız cavabsız qalıb. Dünya ictimaiyyəti "Mən heç nə görmürəm, heç nə eşitmirəm, heç kimə heç nə deməyəcəyəm" mövqeyindən çıxış edib. İndi də əvvəllər çoxəsrlik Azərbaycan irsinin məhv edilməsinin fərqinə varmayan bütün bu təşkilatlar və xarici dövlətlər yekdilliklə və canfəşanlıqla Qarabağda xəstə və saxta təxəyyülün məhsulu olan "kiçik erməni irsini" müdafiə etməyə başlayıblar. Buna təəccüblənməmək olmur. Azərbaycan belə ikili standartların, yanaşmaların təzahürləri ilə ilk dəfə deyil, bəlkə də sonuncu dəfə deyil ki, rastlaşır.

Azərbaycan xalqı bu gün öz atalarının və oğullarının mərdliyi, rəşadəti, canı, qanı bahasına əldə etdiyi Qələbənin qürurunu yaşamaqda davam edir. Biz bu qələbənin əvəzini çox verdik - 3 minə yaxın şəhid, bir neçə min yaralı və qazi. Ancaq bundan Zəfərin dəyəri yalnız dəfələrlə artır.

Qələbənin şirin anı qiymətsizdir, ondan həzz almaq lazımdır, xüsusən də çoxdan gözlənilən və layiq olduğu zaman. Ancaq biz qazandığımız uğurun kölgəsində dincəlməyi əsla düşünmürük. 2020-ci ilin payızında özünün Böyük Lideri ətrafında sıx birləşən Azərbaycan xalqı, ordumuz son iki əsrin ən şanlı tarixini yazdı. Bu proses müdrik dövlət başçımızın rəhbərliyi ilə bu gün də davam edir, çünki Qarabağdakı bəzi qeyri-qanuni ünsürlər könüllü olaraq silahı yerə qoymaq istəmirlər və biz indi onları buna məcbur edirik. Bir müddət əvvəl ildırım sürəti ilə həyata keçirilmiş "Qisas" əməliyyatı Azərbaycanın qətiyyətinin və iradəsinin bariz nümunəsidir. Eyni zamanda, tarixi unutmamalı, düşmənlərimizin vəhşiliklərini xatırlamalıyıq. Çünki cənab Prezidentin dediyi kimi, biz erməni faşizmini məğlub etmişik, ancaq məhv etməmişik. Azərbaycan xalqı erməni faşistlərindən və onların Makron tipli ikiüzlü, cığal havadarlarından bir neçə addım öndə olmaq üçün daim irəli getməyi düşünməli, öz inkişafını davam etdirməli, siyasi və iqtisadi cəhətdən daha güclənməli, müdrik lideri ətrafında sıx birləşməlidir. Bunu 2020-ci ilin payızında qazanılan möhtəşəm Zəfər, verdiyimiz şəhidlər, övladlarımızın, nəvələrimizin daha firavan və xoş gələcəyi naminə etməliyik...

Emin QASIMOV,

"Respublika".