Çoxşaxəli əməkdaşlığın gələcək inkişaf hədəfləri
Siyasət

Çoxşaxəli əməkdaşlığın gələcək inkişaf hədəfləri

Azərbaycanla Özbəkistan arasında münasibətlər həm iqtisadi, həm də siyasi sahələrdə uğurla davam etdirilir

Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək. Bu, Azərbaycanla Özbəkistan arasında tarixi əlaqələrin hər zaman uğurla davam etdiyinin göstəricisidir.

Bu səfər ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bəyan etdiyi kimi, bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verirdi. 1997-ci ildə Daşkəndə səfər edən ulu öndər demişdir: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Qədirbilən özbək xalqı da bunu heç zaman unutmur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevə həsr edilmiş guşənin yaradılması ulu öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına olan həqiqi qardaşlıq münasibətinin ifadəsidir.

Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini vurğulayan dövlətimizin başçısı deyib: "Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir". Prezident İlham Əliyev Özbəkistana səfərini həqiqətən sıçrayış xarakterli səfər adlandıraraq qeyd edib ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri 25 il öncə ümummilli lider Heydər Əliyevin Özbəkistana həyata keçirdiyi səfərin tarixi ilə də üst-üstə düşür. Belə ki, Heydər Əliyevin münasibətlərin inkişafındakı yeni mərhələ adlandırdığımız səfərindən sonra Prezident İlham Əliyevin növbəti səfəri həmin münasibətlərin gələcək inkişafının lokomotivinə çevriləcək.

Özbəkistan, eyni zamanda, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlərdə hər zaman Azərbaycanın yanında olmuş, ölkəmizin ərazi bütövlüyünü, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin iclaslarında birmənalı şəkildə Azərbaycanın ədalətli mövqeyinin lehinə səs vermişdi.

Azərbaycanla Özbəkistan arasında çoxşaxəli münasibətlər həm iqtisadi, siyasi və həm də digər sahələrdə uğurla inkişaf edir. 2008-ci ildə Özbəkistanın prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı Bakıda özbək xalqının böyük oğlu Əlişir Nəvainin abidəsi ucaldılmışdır. Prezident İlham Əliyevin birinci səfərində  Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. 2010-cu ildə isə  Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin binası istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və həmin dövrdə Özbəkistanın Baş naziri olan Şavkat Mirziyoyev iştirak etmişlər. Bütün bu hadisələr onu göstərir ki, aramızda olan münasibətlərin çox dərin kökləri vardır. Təbii ki, qarşılıqlı münasibətlərin inkişafında iki ölkənin liderlərinin səfərləri mühüm rol oynayır. Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il səfəri tarixə düşmüşdü. Bundan əlavə, 21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Daşkənddə səfərdə olmuşdur. 18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələyə çevrilmişdir. Məhz 1996-1997-ci illərdə prezidentlərin qarşılıqlı səfərləri hazırkı münasibətlərin strateji istiqamətlərinin müəyyən olunması baxımından tarixi əhəmiyyətə malikdir. 23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olmuş, səfər zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti ilə Özbəkistan Respublikası Prezidenti 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində Birgə Bəyannaməyə imza atmışdır.

İyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar. Bununla yanaşı, digər sahələri əhatə edən iyirmiyə yaxın sənəd imzalanıb. Onu da qeyd edək ki, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə qlobal xarakter daşıyır. Prezident İlham Əliyev bildirib ki, bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir.

İki ölkə arasında ticarət dövriyyəsində də  artımlar  müşahidə  edilir. Belə ki, 2015-2016-cı illərdə 20 milyon dollar  civarında olan ticarət dövriyyəsi artıq 85 milyon dollara  qədər yüksəlib. Özbəkistandan əsasən aqrar məhsullar, quru meyvələr, yüngül sənaye məhsulları, elektrik avadanlıqları  idxal edilir. Azərbaycandan isə  bu ölkəyə neft, sənayedə  istifadə  olunan məhsullar ixrac  edilir. Səfər çərçivəsində keçirilən görüş və danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsi kimi məsələləri xüsusi diqqətdə saxlayacaqlar. Əminik ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri dövlətimiz və xalqımızla tarixi bağları olan bu ölkə ilə əlaqələrin sürətli inkişafına təkan verməklə bərabər, həm də çoxşaxəli  əlaqələrin gələcək hədəflərinin, prioritetlərinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyətə malik olacaq. Bu məsələlərin icrası isə ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirəcək. Ona görə ki, bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsasında isə liderlərin siyasi iradəsi, eləcə də iqtisadiyyat dayanır.

Mustafa KAMAL,

"Respublika".