Çoxuşaqlı ailənin qayğıları: ON ÖVLAD, ON SEVİNC
Region

Çoxuşaqlı ailənin qayğıları: ON ÖVLAD, ON SEVİNC

Çoxlarına təəccüblü görünə bilər. Bir ailədə 10 uşaq. Çətinliklər, maddi sıxıntılarla üzləşdiyimiz zəmanədə 10 uşaq böyütmək heç də asan deyil. İndi gənc ailələrin əksəriyyətində ən çox 3-4 uşaq olur.

Lerikin Rvarud kəndində yaşayan Səxavət Hacıyevin ailəsi rayonda ən böyük çoxuşaqlı ailə sayılır. Səxavətin ocağında 8 oğlan, iki qız böyüyür. Ailənin ilki Ramazan 19 yaşında, sonbeşik Mədinə 3 yaşındadır. Səxavətin atası, ömür-gün yoldaşı Nərminə xanımın da atası böyük külfət sahibi olublar.

Səxavət Lerikin Veri Əliabad kəndindən, Nərminə xanım isə Qışlaq kəndindəndir. 2003-cü ildə ailə qurublar. Səxavət uşaq yaşlarından əməyə, zəhmətə alışıb. Bəzi yaşıdları kimi rahat həyat dalınca qaçmayıb. Bakıya, digər uzaq şəhərlərə getməkdənsə doğma kənddə qalıb yaşamağı, işləməyi daha üstün bilib.

Səxavət qonşuların mal-heyvanını saxlayıb, təsərrüfat işləri ilə məşğul olub. Andurma, Həzovi kəndlərində çobanlıq edib. Yayı Lerikin yaylaqlarında, qışı Neftçala rayonunun ərazisindəki yataqlarda qoyun-quzu bəsləyib. Ailəsini min bir çətinliklə saxlayıb.

El-obada halal, zəhmətkeş, işgüzar gənc kimi tanınıb. Rvarud kəndində ona iş təklif olunub. 2005-ci ildən taleyini dağların ovcunda yerləşən, görkəmli ziyalıları, ağsaqqalları, xeyirxah, qonaqpərvər insanları ilə tanınan bu kəndə bağlayıb. Öhdəsinə 200 baş qoyun verilib. Aldığı məvaciblə ailəsini dolandırıb. Uşaqların sayı artdıqca, ailə böyüdükcə qayğılar da artıb.

Kəndin ağsaqqalları, xeyirxah insanlar gənc ailəyə əsl dayaq olublar. Yerli bələdiyyə ev tikmək üçün 8 sot həyətyanı torpaq sahəsi ayırıb. Evin inşasında kənd elliklə köməyə gəlib.

Səxavət deyir: "Uşaqdan-böyüyə bu kənddə hamıdan hörmət görmüşəm. Ağsaqqal Rufulla Həsənov, oğlu İlkin, Vaqif İmanov, Anar Talıbov, Etiqad Babayev, Elxan Salayev, Rizvan Vəliyev, Vüqar Həsənov və bütünlükdə rvarudluların köməyi ilə 4 otaqdan ibarət ev tikmişəm. Camaatın köməyi olmasaydı, heç bir iş görə bilməzdim. Evin üstünü örtmüşəm, içində təmir işləri qalıb. Asim Salayev uzun müddətdir ki, evini ailəmizə təmənnasız verib. Deyir ki, nə vaxt öz evin olsa, o vaxt köçərsən.

Ailənin maddi vəziyyətindən, dolanışığından söz düşəndə Səxavət dedi: "Rayon baytarlıq idarəsində işlə təmin olunmuşam. Ayda 391 manat əmək haqqı alıram. Dövlətimiz tərəfindən uşaqlara aylıq müavinət verilir. Ailənin tələbatı isə böyükdür. On iki nəfərlik ailəyik. Ayda 4-5 kisə un alırıq. Digər gündəlik ərzaq məhsulları, uşaqların geyimləri, məktəb ləvazimatları xeyli xərc tələb edir. Sağ olsun, xeyirxah insanlar, kənd camaatı. Qurban Nəzərov Monidigah kəndindəndir, Lerik şəhərində ticarətlə məşğul olur. Uşaqlar üçün paltar, geyim, ayaqqabı və digər sənaye mallarını ucuz qiymətə verir, bəzən pul da götürmür. Deyir ki, bunları uşaqlara hədiyyə edirəm".

Ailə ünvanlı yardım üçün dəfələrlə Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Hələlik müsbət cavab yoxdur. Sosial yardım verilsə, evin təmirini başa çatdırıb ailə normal şəraitdə yaşaya bilər.

Hacıyevlər ailəsində 7 uşaq Rvarud kənd tam orta məktəbində oxuyur. Uşaqlar dərslik, məktəb ləvazimatları ilə təmin olunub. Evdə uşaqların gündəlik dərsləri oxumaları üçün normal şərait yoxdur. Samir XI sinif şagirdidir, II qrup üzrə imtahanlara hazırlaşır. Nərmin və Səmid riyaziyyata daha çox meyil göstərir. Məktəbin riyaziyyat müəllimi İdris Salayev hər ikisindən razılıq edir.

Səxavət ömür-gün yoldaşı Nərminə xanımla 10 uşağın qayğısını çəkir. Deyir ki, övladlarım mənim varlığımdır. Uşaqlarını oxudub ali təhsilli, layiqli vətəndaş kimi görmək valideynlərin arzusudur. Gənc ailənin maddi çətinlikləri, qayğıları həll olunsa, rifah halı, güzəranları daha da yaxşılaşacaqdır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".