Cuniçi Vada: Yaponiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dəstək verməyə hazırdır
Digər xəbərlər

Cuniçi Vada: Yaponiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dəstək verməyə hazırdır

Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş rəsmi yubiley mərasimi və caz konserti təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə hər iki ölkənin Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin bünövrəsinin 30 il bundan əvvəl qoyulduğunu qeyd edib. Səfir deyib: "O vaxtdan bəri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub. Ölkələrimiz arasında çoxsaylı rəsmi səfərlər baş tutub. Yaponiya və Azərbaycan iqtisadi sahədə də uğurlu əməkdaşlıq edirlər. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Gələcəkdə Tokio ilə Bakı arasında birbaşa aviareysin açılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək. Yaponiya, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dəstək verməyə hazırdır".

Səfir Yaponiya ilə Azərbaycan arasında mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edən Cuniçi Vada Azərbaycan və Yaponiya arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın müstəqillik əldə etdikdən sonra Yaponiya ilə bir çox sahələrdə sıx əməkdaşlıq edən ölkələrdən olduğunu vurğulayaraq bildirib: "Azərbaycan Respublikasının Milli Məclisi ilə Yaponiya parlamenti arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci il martın 7-də yaradılıb. Belə bir qrup Yaponiya parlamentində də 1998-ci ildən fəaliyyət göstərir. Bu qrupların fəaliyyəti nəticəsində bu gün Azərbaycan və Yaponiya parlamentləri arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edir. Bu baxımdan Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupu çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin mübadiləsi yüksək qiymətləndirilməlidir. Bu il Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsi də öz növbəsində önəmli olan məsələlərdəndir. Hazırda Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzrə işlər aparılır və bu işlərə Yaponiya şirkətlərinin cəlb olunması da prioritet məsələdir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı siyasi, iqtisadi və humanitar sahələrdə Yaponiya-Azərbaycan əlaqələrinin ictimai həyatın əksər sahələrini əhatə etdiyini bildirib: "Qarşılıqlı əlaqələr və birgə əməkdaşlıq ölkələrin və xalqların bir-birlərini daha yaxından tanımalarına şərait yaradır. Dünyanın qabaqcıl ölkələrindən biri olan Yaponiya ilə əməkdaşlıq layihələrinin həyata keçirilməsi Azərbaycanın müstəqil bir dövlət kimi dünyada tanıdılmasına mühüm təsir göstərir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya tarixi səfəri iki ölkə arasında yüksək səviyyəli dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb edir. Bunun da sayəsində münasibətlər hazırda uğurla inkişaf etməkdədir. Bu il hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasları uğurla keçirilib".

İkitərəfli münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolunu yüksək qiymətləndirən Milli Məclisin deputatı Yaponiya hökumətinin azad olunmuş ərazilərimizin bərpası prosesində iştirakı təşəbbüsünü təqdirəlayiq hal kimi dəyərləndirib.

Rəsmi hissədən sonra Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş caz konserti təşkil edilib. Caz ifaçısı Yamamoto Kyokonun ifasında Yaponiya ilə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı xüsusi musiqi parçaları ifa olunub.

AZƏRTAC