Dağıldı buludlar, açıldı səma...
Region

Dağıldı buludlar, açıldı səma...

Otuz ilə yaxın xəbis, irticaçı, işğalçı və şeytan niyyətli ermənilər Qarabağ və Şərqi Zəngəzur torpaqlarına qara bulud kimi çökmüşdülər. Qədim yurd yerlərimiz şərin və iblisin caynağına keçmişdi, kirli dırnaqları ilə torpaqlarımızı eşələyir, goreşən kimi qəbiristanlıqları dağıdır, azərbaycanlıların izini silməyə cəhd edir, mənfur niyyətlərindən əl çəkmək istəmirdilər. Havadarlarına arxalanaraq meydan sulayırdılar, zor dilində danışır, yeni əraziləri işğal etməkdən dəm vururdular. Dünyada bir erməni mifi yaratmışdılar, necə deyərlər, yerə, göyə sığmırdılar. Münaqişənin həlli ilə məşğul olan ATƏT və digər beynəlxalq təşkilatlar tərəfkeşlik edir, torpaqlarımızda törədilən erməni vəhşiliyinə göz yumur, işğalı dondurmağa cəhd göstərirdilər. Bütün bu oyunlara otuz ilə yaxın səbir edən, dözüm göstərən Azərbaycan haqqı və ədaləti bərpa etmək, ardı-arası kəsilməyən erməni silahlı qüvvələrinin hücumlarını dayandırmaq üçün əks-hücum əməliyyatlarına başladı. İki il bundan əvvəl Azərbaycan əsgəri və zabiti öz gücünü işğalçılara göstərdi, ağır zərbələr Ermənistanın işğalçı ordusunu darmadağın etdi, “Dəmir yumruq” sayəsində dağıldı buludlar, açıldı səma.

Rəşadətli Azərbaycan ordusu  30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində düşmən əsarətindən azad etdi. Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Zəfər tarixini yazdı. Müzəffər hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırdılar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub. Azad edilmiş torpaqlarda biz erməni vəhşiliyinin, azərbaycanlılara qarşı nifrətin, misli görünməmiş vandallığın, barbarlığın şahidi olduq. Qədim və böyük bir yaşayış məntəqəsi - Ağdam şəhəri Ermənistanın  faşist, xunta rejimi tərəfindən yer üzündən silinib. Burada heç nəyə aman verilməyib, daş daş üstündə qalmayıb, tarixi- mədəni abidələri dağıdıblar, qəbiristanlıqları məhv ediblər. Türkə qarşı erməni nifrəti bu yerlərin hər qarışında özünü büruzə verir. Ermənilər hər vasitə ilə çalışıblar ki, azərbaycanlılar bu yerlərə bir daha qayıda bilməsinlər. Yanılıblar. Anlamayıblar ki, Vətən, yurd məhəbbətinin qarşısını heç bir qüvvə  ala bilməyib.

İşğaldan azad edilən və Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük infrastruktur layihələr həyata keçirilir, şəhər demək olar ki, bünövrədən və yenidən tikilir. Qələbələrimizin memarı, Qarabağ fatehi, Qalib Ali Baş Komandan İlham Əliyevin Ağdama səfərləri mütəmadi xarakter alıb. Ötən il noyabr ayının axırında işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Qalib Ali Baş Komandan İlham Əliyev bildirib ki, döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Ağdamda bərpa və yenidənqurma işləri sürətlə aparılır, “ağıllı şəhər” layihəsi həyata keçirilir.

Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 ilə yaxın  ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. Ağdamlılar həmin günləri səbirsizliklə gözləyir, şəhərin qurulmasında könüllü iştirak etmək istəyirlər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərləri zamanı  bir neçə kəndin təməli qoyuldu və həmin yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları digər yaşayış məntəqələri kimi, Sarıcalı kəndini də talayıb, dağıdıb, məhv ediblər. Dövlət başçısının səfərindən sonra isə artıq Sarıcalının yeni - bərpa, inkişaf dövrü başlayıb. Qeyd edək ki, Sarıcalı kəndi 1720 nəfər (425 ailə) əhali üçün nəzərdə tutulub. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb. Kənddə birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Dövlət başçısının Ağdam rayonuna səfəri zamanı bir sıra obyektlərin və yaşayış məntəqələrinin təməlini qoyması Sarıcalı kəndinin sakinləri tərəfindən də böyük rəğbət və sevinc hissi ilə qarşılanıb.

İşğal dövründə Ermənistanın dağıdaraq yer üzündən sildiyi Ağdam artıq kabusların məskəni deyil. Həyata keçirilən bərpa-quruculuq işləri onu göstərir ki, azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Dövlət başçısının hər səfəri zamanı atdığı təməllər günü-gündən bizi abad, müasir, inkişaf etmiş Ağdama yaxınlaşdırır. Həmsöhbətim, rayon sakini Hüseyn Bayramov deyir ki, bu günlərdə dövlətimizin başçısı və birinci xanım Ağdama səfəri zamanı şəhərdə daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, dəmir yolu və avtovağzal kompleksinin təməlini qoyub, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Görülən işlər, həyata keçirilən layihələr burada sakinlərin xoşbəxt, firavan və rahat yaşamalarının təmin edilməsi üçündür və biz ağdamlıların ürəyincədir. Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Prezidentimiz qeyd etdi ki, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi. Ağdamın yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər edilib. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Mən bir Ağdam sakini kimi görülən işləri alqışlayır, Prezidentimizə minnətdarlığımı bildirirəm. Əminliklə demək olar ki, bir müddətdən sonra xarabalıqların yerini ağ damlı Ağdam tutacaq, bu yeni və müasir şəhərdə xoşbəxt günlər başlayacaq, başı müsibətlər çəkmiş Ağdam regionun ən müasir, ən gözəl şəhərinə çevriləcək, Qarabağın elm, mədəniyyət mərkəzi kimi inkişaf edəcək. Bütün bunlar isə xəyal deyil, artıq bir möhtəşəm reallıqdır, çox qürurluyuq ki, biz şərəfli bir tarixin şahidi olduq.

Salman ALIOĞLU, 

“Respublika”.