Dağlar diyarının qartal balası
Region

Dağlar diyarının qartal balası

İkinci Qarabağ müharibəsində Vətəni öz qanı bahasına yaşadan qeyrətli igidlərdən biri də Lerikin Soru kəndində 33 il bundan əvvəl dünyaya göz açmış şəhid Elvin Ramiz oğlu Səfərovdur.

Dağlar diyarının qartal balası kənd məktəbini başa vurub 2008-2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlıların sıralarında müqəddəsliyinə tapındığı doğma Azərbaycanın şərəfini qoruyub. Hər zaman yağı düşmən tərəfindən zəbt olunmuş Vətən torpaqlarının taleyini düşünən Elvin xüsusi təyinatlıların kurslarını yüksək qiymətlə bitirib müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur.

Elvin ermənilərdən birinci qisasını Aprel döyüşlərində alıb. Düşmənlə atıldığı ölüm-dirim savaşından zəfərlə çıxıb. Vətənin qəhrəman oğlu İkinci Qarabağ müharibəsinə Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı kimi başlayıb. Döyüşən cəbhədə erməni quldurlarına sarsıdıcı zərbələr endirib. Hər dəfə azad olunan Vətən torpaqlarında Azərbaycanın qələbə bayrağı dalğalananda Elvinin polad biləklərinə sanki yeni bir güc, qüvvə gəlib. Qələbəyə inamla əzab-əziyyətli yollar keçib. Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda düşmənə qan qusdurub ürəyincə qisasını ala bilib. Qələbənin bir addımlığında Füzulinin kəndlərində gedən döyüşlər zamanı şəhid olub ölməzliyə qovuşub. Elvin Səfərov ölümündan sonra "Qarabağ" ordeninə və "Vətən uğrunda", Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının azad olunmasına görə medallara layiq görülüb.

Vətənin qəhrəman oğlu Elvin Səfərov hər an ehtiramla xatırlanır. Lerik şəhərinin mərkəzi küçələrindən birinə şəhidin adı verilib. Qalib şəhidin anım günündə rəhbər işçilər, rayon sakinləri doğma Soru kəndindəki məzarını ziyarət etdilər, üstünə gül dəstələri qoydular.

Lerik Rayon İcra hakimiyyətinin başçısı Ə.Abbasov isə öz növbəsində Elvinin valideynləri ilə səmimi görüşdü, onların problemlərini öyrəndi, bildirdi ki, sizin oğlunuz Azərbaycanın yeni, şanlı tarixini yazanlar sırasında durur. O, Vətən uğrunda şəhid olmaqla bu şərəfə nail olubdur. Azərbaycan dövləti var olduqca o da ucaldığı şəhidlik zirvəsindən parlaq günəş kimi işıq saçacaq.

Zəfər ORUCOĞLU.