Dağlar qartalı doğum günündə anıldı
Digər xəbərlər

Dağlar qartalı doğum günündə anıldı

Birinci Qarabağ müharibəsində Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid olan oğullardan biri də Valeh Əlizaid oğlu Müslümovdur. Valeh Müslümov 2 sentyabr 1968-ci ildə Lerik rayonunda dünyaya göz açmışdır. 1991-ci ilin avqust ayında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində döyüş əməliyyatlarına başlayır. Bir çox uğurlu əməliyyatlarda iştirak edir. 14 aprel 1992-ci ildə Marquşevan kəndi uğrunda şiddətli döyüşlərdə hünər göstərir. Düşmənə vurduğu sarsıdıcı zərbələr çiyin-çiyinə döyüşdüyü silahdaşlarını irəliyə aparır, düşmənin texnikası, canlı qüvvəsi məhv edilir. Özü yaralansa da, son nəfəsədək döyüşərək gözlərini əbədi yumur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Vaxtilə təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəb onun adını daşıyır.

Lerik şəhərində şəhid Milli Qəhrəmanın 54 yaşının tamamında xatirəsi anıldı. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər sakinləri şəhidin məzarını, Lerik şəhərində xatirəsinə ucaldılmış büstünü ziyarət edərək, üzərinə güllər düzdü. Sonra rayon icra hakimiyyətinin başçısı Milli Qəhrəmanın valideynləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.

Z.ORUCOĞLU.