Daha bir qrup şəhid ailəsi üzvü sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb
Sosial həyat

Daha bir qrup şəhid ailəsi üzvü sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 57 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslər Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ" Fizioterapiya Mərkəzi, "Darıdağ" Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.

Yola salınanlar şəhid ailəsi üzvü və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 5200-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 519 nəfəri qazi və şəhid ailəsi üzvləridir.

AZƏRTAC