Daha bir qrup şəhid ailəsi üzvü və əlilliyi olan şəxs sanator-kurort, müalicə mərkəzlərinə yola salınıb
Sosial həyat

Daha bir qrup şəhid ailəsi üzvü və əlilliyi olan şəxs sanator-kurort, müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 43 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər. Yollayışla təmin olunanlar Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ" Fizioterapiya Mərkəzi, "Darıdağ" Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər. Agentlik tərəfindən postmüharibə dövründə 6 minə yaxın imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

 Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri və müharibə veteranlarıdır.

"Respublika".