Daha əlverişli ödəniş həlləri təqdim ediləcək
İQTİSADİYYAT

Daha əlverişli ödəniş həlləri təqdim ediləcək

Mərkəzi Bank tərəfindən ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, ödəniş ekosistemində innovativ, sürətli və təmassız ödəniş həllərinin aktiv tətbiqi və onlar arasında qarşılıqlı inteqrativliyin təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.

Bankın yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) hazırlanaraq Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

"Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyələrin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatları tərəfindən təqdim olunan QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcəkdir",- məlumatda deyilir.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.