Daim axtarışda keçən yaradıcı ömür
Sosial həyat

Daim axtarışda keçən yaradıcı ömür

Son 30 ilin hadisələrini misralara hopduran şair, publisist Zərəngiz Dəmirçi Qayalının 60 yaşı tamam olub. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi və bu müharibənin sonunda xalqımızın əldə etdiyi möhtəşəm Zəfər onun yaradıcılığının ana xəttini təşkil edir.

AZƏRTAC xəbər verir ki, Zərəngiz Dəmirçi Qayalı 8 kitab, 50-dən çox poema, yüzlərlə şeir və ballada, publisist yazılar, esselər, ədəbi araşdırma, oçerk və məqalələrin müəllifidir. Ötən il o, "Zəfər sədası" və "İki qardaş gücü" kitablarını oxuculara təqdim edib. Həmin kitabları bir növ şairənin keçdiyi ömür yolunun yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar.

Akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi professor Məhərrəm Qasımlı və digər tanınmış elm, mədəniyyət xadimləri Zərəngiz Dəmirçi Qayalının kitablarına yazdıqları "Ön söz"də onun yaradıcılığını, poeziyamızın inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Kiçik yaşlarından şeirə maraq göstərən Zərəngiz Dəmirçi Qayalı (Mansurova Zərəngiz Dəmirçi qızı) Qazax rayonunun Daş Salahlı kəndində dünyaya gəlib. Kənddəki 2 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Təhsil almaqla yanaşı, istehsalatda çalışıb, həmçinin yaradıcılıqla məşğul olub. Təhsilini uğurla başa vurduqdan sonra AZƏRTAC-da əmək fəaliyyətini davam etdirib, ömrünün 30 ildən çoxunu yorulmadan mədəniyyətimizə, ədəbiyyatımıza həsr edib. Tələbəlik illərində və sonra "Gənclik", "Ulduz", "Ozan dünyası", "SÖZ", "Qoşa qanad", "Azərbaycan" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri, "Açıq söz", "Azərbaycan", "Kaspi", "525-ci qəzet" və digər qəzetlərdə, ölkəmizdə və ölkədən xaricdə internet məkanlarında, saytlarda əsərləri mütəmadi dərc olunub.

Şairənin "Haqqı sevdim", "Vəfam mənim, "Güllələnmişlər", "Qayalı", "Oğul", "Zəfər sədası", "İki qardaş gücü" və digər kitabları çapdan çıxıb. O, "Qızıl qələm", "Məhsəti", "Beynəlxalq Nizami Gəncəvi", "Beynəlxalq Rəsul Rza" və digər mükafatlara layiq görülüb. Şeirlərinə, poemalarına, kitablarına görə bir sıra fəxri fərmanlarla təltif olunub. Ayrı-ayrı vaxtlarda, iki dəfə, 2006-2007-ci və 2019-2020-ci illərdə "İlin qadın şairi" seçilib. "Qayalı" kitabı "2008-ci ilin Qadın şairinin Qarabağ mövzusunda kitabı" nominasiyasının qalibi olub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Cavab ver" poeması əsasında "Xocalı" tamaşası səhnələşdirilib. 2009-2010-cu illərdə Prezident təqaüdünə layiq görülüb. Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan ədəbi mühitində, mətbu orqanlarında mütəmadi əsərləri dərc olunub.

60 illik yubileyi ərəfəsində ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısındakı xidmətlərinə görə şairə-publisist Zərəngiz Dəmirçi Qayalı Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi "Beynəlxalq Mahmud Kaşğari-100" medalı və Fəxri diplomuna layiq görülüb.

İllər ötür, yaş təzələnir, ilham isə tükənmək bilmir. Sinəsi şeirlə, sözlə dolu olan Zərəngiz xanım yeni yaradıcılıq axtarışında, poetik söz sorağındadır. İnanırıq ki, zaman keçdikcə, bu axtarış və tapıntılar yeni misralara və kitablara çevriləcək...

AZƏRTAC