Daim qəlbimizdə yaşayacaq
Region

Daim qəlbimizdə yaşayacaq

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində düşmənin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin kiçik giziri Hüseynov Ziyarət Mayıl oğlu böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Amankənd kəndində torpağa tapşırıldı.

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etdilər.

Vida mərasimində rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, Ziyarət Hüseynovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi. Qeyd etdi ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Bu həm də doğma yurda olan sevgimizdir, el-obaya bağlılığımızdır. Ömrünü Vətən yolunda qurban verən Ziyarət adını heç zaman unudulmayan qəhrəmanlar salnaməsinə yazdırdı.

Şəhidin atası Mayıl Hüseynov oğul itkisinin ağır olmasına baxmayaraq, Vətənə xidmətin hər bir övladın borcu olduğunu söyləyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirdi. Şəhidin tabutunun üzərinə çəkilmiş üçrəngli bayrağımızı qəbul edib öpərək təki Vətən sağ olsun dedi.

Hüseynov Ziyarət Mayıl oğlu 15 may 1994-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşdu. 2015-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başlayıb. Ziyarət Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində kiçik gizir rütbəsində çalışırdı.

XTQ-nin kiçik giziri Ziyarət Hüseynov Aprel döyüşlərinin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində yaralanmışdı. Lakin sağaldıqdan sonra yenidən hərbi xidmətini davam etdirməyi özünə borc bilərək, hərbi xidmətə başlamışdı. Şəhidimiz ailəli idi, bir övladı yadigar qaldı.

Ərəstun ABDULOV,

"Respublika".