Danimarkalı səyyah: Beş-on il sonra buraya qayıdacağam - yenilikləri görmək üçün
MÜSAHİBƏLƏR

Danimarkalı səyyah: Beş-on il sonra buraya qayıdacağam - yenilikləri görmək üçün

Azıx mağarasına ilk dəfədir gəlirəm. Buraya gəlib çıxmaq çətin olsa da maraqlıdır, məkan gözəldir. Qarabağda olduğumuz müddətdə burada yaşayış üçün evə rast gəlmədik. Evlərin çoxu dağıldığı üçün ailələr yaşamaq üçün buraya köçə bilmirlər. Təbii ki, işğaldan azad edilmiş ərazilərdə mütləq yeni işlər görmək lazımdır. Çünki bu işlər hadisələri başqa tərəfdən görməyə, buraların əvvəllər necə olduğunu təsəvvür etməyə imkan verəcək. İndi insanlarla danışıb burada baş verənlər haqqında məlumat alırıq. Bir müddətdən sonra gəlib buraları görmək çox maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında danimarkalı səyyah Magnus Sejersen Nielsen söyləyib.

O bildirib ki, 5-10 il sonra buraya qayıdıb insanların yaşayacaqları yerləri, bərpa edilən obyektləri və yenilikləri görmək maraqlı olardı. O deyib ki, hazırda buraya ailələrin və uşaqların köçməsi qeyri-mümkündür, çünki onların yaşaya biləcəyi yer yoxdur.

Füzuli Hava Limanının səkkiz aya inşa edilməsinin heyrətamiz olduğunu vurğulayan səyyah deyib ki, ərazilərin azad olunmasından qısa müddət keçməsinə baxmayaraq, burada geniş bərpa və quruculuq işlərinin də şahidi olublar.