Daşınmaz əmlakın qeydiyyatı: elektron xidmətlər vətəndaş-məmur ünsiyyətini minimallaşdırır
Digər xəbərlər

Daşınmaz əmlakın qeydiyyatı: elektron xidmətlər vətəndaş-məmur ünsiyyətini minimallaşdırır

Hər bir dövlət öz vətəndaşının hüquqlarını müəyyən edir və qoruyur. Belə hüquqlardan biri də ölkəmizin Əsas Qanununda - Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququdur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mövcud qanunvericiliyə görə, mülkiyyətçi özünəməxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Mülkiyyətlə bağlı hüquqların gerçəkləşdirilməsində onun dövlət qeydiyyatına alınması vacib şərtdir. Daşınar və daşınmaz əmlakın qeydiyyatına dair müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində öz əksini tapıb. Məcəlləyə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınar əmlaka hüquqlar isə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alına bilər.

Daşınmaz əmlakın dövlət tərəfindən tanınması və təsdiq edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazi idarələri və “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilir.

Hazırda ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasında müasir informasiya-kommunikasiya texnologiyaları, innovativ üsullar tətbiq edilir. Vətəndaşların dövlət xidmətlərindən elektron qaydada istifadəsinə imkan yaradılması belə yeniliklərdəndir. Mülkiyyət hüququnu təsdiqləyən sənədin - daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin elektronlaşdırılması vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Ölkə Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında 2019-cu il 29 mart tarixli Fərmanına əsasən, daşınmaz əmlaka dair çıxarışlar, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, yalnız elektron qaydada verilir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, mülkiyyət hüquqlarının rahatlıqla gerçəkləşdirilməsi üçün tətbiq edilən elektron xidmətlərin sayı çoxalır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu günədək 42 elektron xidmət istifadəyə verilib ki, bunlardan da 27-si daşınmaz əmlakın qeydiyyatı ilə əlaqədardır.

Yeni sistemin tətbiqi qeydiyyat prosedurunu sadələşdirməyə, təkrar qeydiyyatın optimallığını və çevikliyini artırmağa imkan verib. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur. Elektron çıxarış tam hüquqi qüvvəyə malikdir, fərdi identifikasiya kodu ilə keçərlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bu barədə əldə etdiyimiz məlumata görə, elektron çıxarışların tətbiqi, ilk növbədə, daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirib, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırıb. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxıb. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı isə tam istisna edilir. Elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə əmlakın leqallığını təmin edir.

Elektron çıxarış sisteminin tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət Portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.

Elektron çıxarışın tətbiqi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, vətəndaşların əmlakı üzərində iqtisadi əməliyyatların aparılması işini daha da asanlaşdırır. Eyni zamanda, çıxarışın elektron müstəviyə keçməsi ölkədə aparılan elektron hökumət quruculuğu sahəsində reallaşan önəmli layihələrdəndir.

Hazırda çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər. Bunu reallaşdıran “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət vətəndaşların razılığına səbəb olub.

Əhalinin işini sadələşdirən yeniliklərdən biri olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti alınan mənzillərin qiymətinin əvvəlcədən bazar dəyərlərinə uyğun onlayn rejimdə öyrənmək imkanı yaradır. Nəticədə qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir, həmçinin onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin edən digər sistem Əmlakın Qeydiyyatı Kalkulyatoru funksionallığı ilə digərlərindən fərqlənir. Bununla daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq mümkündür.

Bu ayın əvvəllərində istifadəyə verilən növbəti, “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlanan elektron xidmət arayışı birbaşa ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da almaq imkanı yaradır. Bu xidmətin də istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində innovativ yeniliklərin davam etdirilməsi zamanın və ölkəmizdə dövlət xidmətləri sahəsində həyata keçirilən islahatların tələbidir. Bütün bunlar isə bu xidmətlərdən əhalinin rahat və çevik şəkildə istifadə etməsinə imkan yaradır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.