Daşkənddə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib
Diaspora

Daşkənddə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

Özbəkistanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Heydər Əliyev İli” çərçivəsində Özbəkistandakı Azərbaycan icmasının üzvləri ilə görüşüb.  Qurumun mətbuat xidmətindən bildirilir.

Görüşdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Zafarbek Axmedov və digər nümayəndələr iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müasir Azərbaycanın və ölkəmizin diaspor quruculuğunun banisi Heydər Əliyevin tariximizdəki əvəzsiz və misilsiz xidmətlərindən danışıb. Həyata keçirilən diaspor quruculuğu, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısı, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, xarici ölkələrdə 20 Azərbaycan Evinin, 15 Koordinasiya Şurasının fəaliyyət göstərdiyi, “Qarabağ”, “Nizami Gəncəvi” və sair adlar altında təşkil olunmuş Azərbaycan həftəsonu məktəbləri, “Heydər Əliyev İli” çərçivəsində bu il Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi barədə ətraflı məlumat verib, Özbəkistandakı Azərbaycan icmasının yerli cəmiyyətə sıx inteqrasiyasını müsbət qiymətləndirib.

Diaspor fəalları çıxışlarında qeyd ediblər ki, tarixi kökləri olan Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu və Özbəkistan hökumətinin soydaşlarımızın hərtərəfli inkişafı üçün şərait yaradıb.

“Respublika”.