Daşkənddə Gənc Sahibkarların I Forumunda Azərbaycan nümayəndə heyəti də iştirak edib
İQTİSADİYYAT

Daşkənddə Gənc Sahibkarların I Forumunda Azərbaycan nümayəndə heyəti də iştirak edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin gənclər və idman nazirlərinin sentyabrın 21-də Daşkənddə keçirilən 5-ci iclası çərçivəsində Gənc Sahibkarların I Forumu təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Forumda ölkəmizi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə qida sənayesi, kənd təsərrüfatı, yüngül sənaye, memarlıq, turizm və digər sahələrdə fəaliyyət göstərən 14 gənc sahibkar daxildir.

Tədbirdə Türk Şurasına üzv dövlətlərin gənclər və idman nazirləri çıxış edərək bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, rəy və təkliflərini bildiriblər.

Fərid Qayıbov forumda çıxış edərək bildirib ki, biz bu gün Türk Şurası çərçivəsində gənc sahibkarlarla bağlı yeni layihənin açılışını edirik. Bu layihə gənc sahibkarlar arasında əməkdaşlıq üçün həm də bir körpüdür. Əminəm ki, bu forum hər bir gənc sahibkar üçün yaxşı fürsət olacaq.

Forum çərçivəsində aparılacaq müzakirələrin və keçiriləcək görüşlərin faydalı olacağına əminliyini ifadə edən nazir, həmçinin birgə standartların hazırlanması, qarşılıqlı investisiya mühitinin yaradılması və digər məsələlərin gənc sahibkarlar üçün önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, Forumun açılışında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.

Forum işini bölmə iclasları ilə davam etdirib.

AZƏRTAC