Daşkəsən:  Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya
Region

Daşkəsən:  Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə müəssisəsi “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin təşəbbüsü Daşkəsən Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarının ətrafında ekoloji aksiya keçirilib.

Güney-Zağalı su anbarı Daşkəsən şəhərindən 8 kilometr cənubda, Xoşbulaq və Zağalı kəndlərinin arasında,  Qoşqarçay dərəsində yerləşir. Qoşqarçay və Hamamçayın suyu ilə qidalanan su anbarı 1959-cu ildə layihələndirilmiş, 1969-cu ildə inşası başa çatdırılmışdır. Su anbarı Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının Saflaşdırıcı Fabrikində nəm üsulla konsentrat istehsalı üzrə texniki suya tələbatın ödənilməsi məqsədilə inşa edilmişdir. Qeyd edilən dövrdə illik 1 milyon ton konsentratın istehsalı üçün su anbarından 3 milyon kubmetr həcmində su təchiz edilirdi. Gələcəkdə nəzərdə tutulan illik 1.2 milyon ton konsentratın istehsalı üçün su anbarından təchiz ediləcək sərfiyyat 3.6 milyon kubmetr təşkil edəcək. Hazırda DDF MMC-nin balansında olan hövzənin ümumi su həcminin artırılması və su ehtiyatının mühafizəsi üçün müvafiq tədbirlər görülür. Su ehtiyatının daha səmərəli istifadəsi məqsədilə Güney-Zağalının deqredasiyaya məruz qalmış infrastrukturu yenidən qurulur.  Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilmiş aksiya çərçivəsində “AzerGold” QSC, ETSN-in və Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə su hövzəsinin ətrafı müxtəlif məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək təkrar emala yönəldilib. Bununla yanaşı, əraziyə ətraf mühitin mühafizəsinə dair maarifləndirici lövhələr yerləşdirilib.

Tədbirin əsas məqsədi su hövzələrində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin tullantılarla zibillənməsinin qarşısını almaq və təbiətin qorunmasına töhfə verməkdir. Aksiya çərçivəsində, həmçinin balıq növlərinin təbii populyasiyasının artırılması məqsədilə su hövzəsinə yerli şəraitə uyğun olaraq qızılxallı forel körpələri buraxılıb. Balıqların suya buraxılması mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, DDF MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirak ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.