Daşkəsən: Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Region

Daşkəsən: Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində rayon icra hakimiyyətinin məsul işçiləri, şəhid ailələri və qazilər, məktəb kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Müdafiə Nazirliyinin nəzdində 1999-cu il aprelin 30-da qurulmuş Azərbaycan XTQ-nin Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarından danışıb, şərəfli döyüş yolu keçmiş XTQ-nin daşkəsənli şəhid döyüşçüləri Şəhriyar Abdullayevin və Muraz Cabbarovun, o cümlədən bütün şəhidlərimizin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıb.

Çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, şəhidlik zirvəsinə ucalmış XTQ-nin döyüşçüləri Şəhriyar Abdullayevin və Muraz Cabbarovun döyüş zamanı göstərdikləri şücaətdən söz açıblar, şəhid ailələrinə və qazilərə hər zaman göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daha sonra Azərbaycan XTQ-nin inkişaf tarixindən və taktiki xüsusi təlimlərindən, o cümlədən daşkəsənli şəhidlərin həyat və döyüş yolundan bəhs edən videoçarxlara baxış keçirilib.

Tədbirdə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Abdullayev Şəhriyar Kamil oğlu Vətən müharibəsi zamanı Kəlbəcərin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, qəhrəmanlıq nümunələri göstərib. O, 2020-ci il oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə Şəhriyar Abdullayev hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi şücaət və igidliyə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Cabbarov Muraz İlham oğlu Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb, 2 noyabr 2020-ci il tarixində Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, Muraz Cabbarov hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi şücaət və igidliyə görə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Zabit XƏLİLOV,

“Respublika”.