DAŞKƏSƏN: YENİ GÖRÜŞ YERİ VƏ ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ
Region

DAŞKƏSƏN: YENİ GÖRÜŞ YERİ VƏ ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Daşkəsən Şəhidlər Xiyabanında yeni tikilmiş şəhid ailələri və qazilər üçün görüş yerinin və Daşkəsən şəhidlərinin xatirə guşəsinin izdihamlı açılışı olub. Açılışda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Elşad Mirbəşiroğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla, böyük ehtiramla yad edilib. Quru Qoşunlarının Hərbi Orkestrinin ifasında Dövlət Himnimizin səsləndirilməsi və şəhid məzarlarına tər gül dəstələrinin düzülməsi ilə başlanan açılış mərasimində RİH-in başçısı Əhəd Abıyev qeyd edib ki,  şəhidlərimiz Azərbaycanımızın ərazi bütövlüyü, Vətənimizin gələcəyi uğrunda qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəlmişlər. Onların əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır. Daşkəsənin şəhid ailələrinə və qazilərinə hər zaman göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər minnətdardılar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, xilaskar liderliyi, qətiyyətli uğurlu siyasəti ilə təkcə hərb meydanlarında olan qələbəsi ilə deyil, həm də informasiya müharibəsində - bütün cəbhələrdə qalib gəldi. İllərlə erməni vəhşiliyinə göz yumanlara Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə etməsini, Qarabağın bərpa olunmasını, xilaskar lider kimi dünyaya əsl, real həqiqətləri qəbul etdirməyə nail oldu. O cümlədən əsgər və zabitlərimizin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Vətən müharibəsində düşmən üzərində inamlı qələbə ilə nəticələndi; Ermənistan ordusu darmadağın edildi, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə geri alındı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Bu ilin avqustun 3-də ordumuz Qarabağda uğurlu "Qisas" əməliyyatı keçirdi. Bu əməliyyat təxribatçılara qarşı təsirli cəza tədbiri idi. “Qisas” əməliyyatı bütün dünyaya bir daha əyani sübut etdi ki, Prezidentimiz cənab İlham Əliyevin Dəmir Yumruğu hər zaman yerindədir və heç kim də bunu unutmamalıdır.  

Avqustun 26-da isə möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürüldü. Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması möhtərəm Prezident cənab İlham Əliyevin yüksək qətiyyəti, parlaq diplomatiyası və rəşadətli ordumuzun hünəri sayəsində mümkün olmuşdur. Artıq Laçında Azərbaycan Bayrağı dalğalanır.

Praqmatik dövlət başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün ərazi, bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da hər bir şəhid ailəsinə, qazi və müharibə iştirakçılarına xüsusi diqqət, qayğı göstərilir, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə əməli tədbirlər həyata keçirilir. Şəhid ailələrinə, müharibə veteranlarına Prezident təqaüdünün verilməsi, onların evlə, maşınla təmin olunması və digər imtiyazlar və sairə əyani sübutdur. Möhtərəm Prezident cənab İlham Əliyevin yaxın silahdaşı kimi müasir hüquqi dövlət quruculuğu siyasətinə öz layiqli töhfələrini verən, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirən, humanizm, mərhəmət, vətənpərvərlik və xeyriyyəçilik missiyası ilə ictimaiyyətdə böyük nüfuz qazanmış  Birinci vitse-prezident Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsində yaralanmış qəhrəman əsgər, zabit və qazilərimizin müalicəsini birbaşa öz nəzarətinə götürməsi, ən yüksək tibbi xidmətlərlə köməkliklər göstərməsi, onların xaricdə müalicə olunmalarını təşkil etməsi xalqımız tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi bütün şəhid və qazi ailələrinə çoxsaylı xeyriyyəçilik, maddi və mənəvi dəstək tədbirləri, onların sosial-məişət problemlərini həll etməsi Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə sadiqliyinin, Vətənə olan sevgisinin ifadəsidir.

Sonra çıxış edən millət vəkili Elşad Mirbəşiroğlu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbə sevincini yaşadığını və xalqımızın şəhidləri ilə hər zaman qürur duyduğunu vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov isə ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə daima qayğı göstərildiyini, həmçinin Daşkəsən Şəhidlər Xiyabanında istifadəyə verilən yeni tikilinin və guşənin də bu amala xidmət göstərdiyini vurğulayıb. Şəhid ataları Etibar Cəfərov, İlham Cabbarov, şəhid anaları Kifayət Haxverdiyeva, Qızbəs Abbasova, qazilər adından Ceyhun Əliyev çıxış edərək onlara hər zaman göstərilən həssas münasibətə, yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Zabit XƏLİLOV,

“Respublika”.