Dastana dönən ömür
Region

Dastana dönən ömür

Dağlar diyarı Lerikin Bürsülüm kəndində dünyaya göz açmış Rəşad Rasim oğlu Şiriyevin ailəsi sonra  Xəzər  rayonunun Türkan qəsəbəsinə köçürlər. Rəşad orta məktəbi bitirib müstəqil həyata başlayanda qohum-qonşu onun yüksək mədəniyyətinə, əxlaqına, fəal vətəndaşlıq mövqeyinə heyran kəsilir. Vətənin torpağına, daşına sevdalanmış  yeniyetməni  əzəli, əbədi yurd yerimiz Qarabağın dığalar tərəfindən işğalı çox narahat edir. Elə  Milli Ordu sıralarına yağı düşməndən qisas almaq məqsədilə yazılır. Erməni faşistlər 2020-ci il sentyabrın  27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini   və yaşayış məntəqələrini ağır  artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri əsasında  əks-hücuma keçir.  Rəşadın arzuladığı  Vətən torpağı uğrunda haqq savaşımız  başlanır. İlk  gündən   onun qələbə sorağı   qaynar bölgələrdən  gəlir. İgid əsgər  gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək  yağı düşmənə ciddi itkilər verdirir.

7 oktyabrda  Talış- Suqovuşan istiqamətində ağır döyüşlər başlayır. Adəti üzrə Rəşad   öndə olmaqla qartal tək düşmənin üstünə şığıyır. Bu ölüm-dirim savaşında  düşmənin çoxlu sayda  canlı qüvvəsi məhv edilir, döyüş   texnikası  sıradan çıxır. Təəssüf ki, Rəşad da yağı gülləsinə tuş gəlir. Vətənin daha bir qəhrəman oğlu şəhidlik zirvəsinə ucalmaqla Azərbaycanın zəfər tarixinə adını yazır.  Yaşı az, ürəyi, hünəri böyük olan  bu  Vətən sevdalısının göstərdiyi şücaət həm də  gələn nəsillərə  həyat məktəbi oldu.

Bəli, Rəşad  Rasim oğlu indi bir ailənin deyil, bir xalqın əzizidir. Dövlət də öz qəhrəman oğlunu  “İgidliyə görə”, “Vətən uğrunda”,  Laçının və  Suqovuşanın  azadlığına görə medallarına layiq görübdür. Doğma Bürsülüm kəndində onun şərəfinə ucaldılan  bulaq abidə kompleksi insanlar üçün ən müqəddəs yer sayılır.

 Zəfər ORUCOĞLU.