Davamlı inkişaf hədəfləri
Siyasət

Davamlı inkişaf hədəfləri

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları bu sahədə mühüm əhəmiyyətə malikdir

Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafını təmin etmək, insanların həyat səviyyəsini yüksəltmək istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Aparılan iqtisadi islahatlar nəticəsində  bütün sahələrdə irəliləyişlərə nail olunur. Bu irəliləyişlər  regionların  inkişafında da özünü qabarıq şəkildə göstərir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş Azərbaycanda regionların təbii və iqtisadi potensialından səmərəli istifadə,  sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ölkədə yoxsulluğun səviyyəsinin azaldılması  dövlətin bu istiqamətdə həyata keçirdiyi  siyasətin əsasını təşkil edir. Aparılan islahatlar respublikada regional tarazlığın təmin olunmasını və sosial problemlərin həllini daha da sürətləndirir.

İstər işğaldan azad olunmuş rayonlarımızın, istərsə də digər bölgələrimizin  təbii sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, ölkəmizin qeyri-neft sənaye sahələrini, o cümlədən ölkə turizmini inkişaf etdirmək dövlətimizin diqqətdə saxladığı vacib məsələlərdəndir. Ölkəmizin sosial-iqtisadi həyatında köklü dəyişikliklər Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən başlayaraq daha da sürətlənmişdir. Belə ki, dövlət başçısının "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında"  2003-cü il 24 noyabr tarixli Fərmanına əsasən kiçik və orta sahibkarlığı inkişaf etdirməklə yoxsulluğun azaldılması, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, ərzaq təhlükəsizliyinin təmin olunması, respublikada təhsilin səviyyəsinin yüksəldilməsi, enerji  sektorunda maliyyə intizamının gücləndirilməsi, ekoloji problemlərin həlli, ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına yönəldilmiş mühüm  tədbirlər daha intensiv xarakter almışdır.

Dövlət başçısının imzaladığı "Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda isə bu illərdə respublikanın rayonlarında iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin  əsas istiqamətləri göstərilmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirmək, istehsalı şaxələndirmək, ixracyönümlü məhsul istehsalını  stimullaşdırmaq,  əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması üçün yerli sahibkarlığın inkişafına geniş imkanlar yaratmaq, məşğulluğun səviyyəsini artırmaq və bütün bunların fonunda ölkə iqtisadiyyatının dinamik yüksəlişinin təmin  edilməsinə nail olmaq  poqramın əsas məqsədi olaraq müəyyənləşdirilmişdir.

 Həyata keçirilmiş genişmiqyaslı iqtisadi islahatlar  beş il ərzində əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə  yüksəldilməsinə, regionların sosial-iqtisadi problemlərinin həllinə əlverişli zəmin yaratmışdır. Bu illər ərzində  orta illik inflyasiya  tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergilərin dərəcələrinin optimal həddə azaldılması, kənd  təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması,  gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti mühüm məsələ olaraq dövlətin nəzarətində saxlanılmışdır.

Həmçinin, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulmuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verilmiş, sahibkarlıq mühiti daha da yaxşılaşmış, iqtisadiyyata investisiya qoyuluşları artmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmişdir.

"Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla başa çatdıqdan sonra ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədilə dövlət başçısı  bu sahədə daha bir proqramın  həyata keçirilməsinə  qərar vermiş, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Proqram çərçivəsində   ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmiş, infrastruktur təminatı yaxşılaşdırılmış,  sahibkarlıq mühiti formalaşmış,   iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması əvvəlki illərlə müqayisədə daha da artmış, ölkənin ixrac potensialı yüksəlmiş, regionlarda  müasir tipli infrastruktur obyektlərinin sayı çoxalmış,  əhalinin məşğulluq səviyyəsinin artırılması  və bunun fonunda yoxsulluq səviyyəsinin aşağı düşməsində mühüm nəticələr əldə olunmuşdur. Regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin bərpası və  aqrar islahatlar uğurla başa çatdırılmışdır.

Növbəti illərdə də ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kənd yerlərinin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması üçün  Azərbaycan Prezidentinin regionların inkişafında məqsədyönlü siyasətinin davamı olaraq  27 fevral 2014-cü il tarixli Fərmanı  ilə imzalanmış "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılmışdır.

Proqramın icrasının həyata keçirildiyi müddətdə ölkə iqtisadiyyatında orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin stabil saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi əsas məsələlər olaraq diqqət mərkəzində saxlanılmışdır. Ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisi yüksəldilmiş,  aqrar sektor  inkişaf etdirilmiş, regional iqtisadi əlaqələr genişləndirilmiş, regionlarda sahibkarlıq fəaliyyəti üçün daha əlverişli vergi mühiti yaradılmışdır. Bütün bunlar regionlarda kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi regionların inkişafı üzrə səylərin dəstəklənməsinə  istiqamətləndirilmişdir. Proqramın icrasında ölkənin qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə olan kənd təsərrüfatının inkişafına yönələn ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi prioritet təşkil etmişdir. Belə ki, aqrar bölmənin xammal istehsalı və emalı sahələri əlaqəli inkişaf etdirilmiş, aqrar bölməyə maliyyə dəstəyi artırılmış, o cümlədən  bitkiçilik və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və bu sahədə təsərrüfat subyektlərinin fəaliyyəti stimullaşdırılmış, iri taxılçılıq və ya toxumçuluq, tingçilik, üzümçülük, intensiv bağçılıq təsərrüfatları yaradılmışdır. Eyni zamanda, Azərbaycanın yerli  məhsullarının dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakı yüksək səviyyədə təmin olunmuşdur.

Respublikamızın regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində  ölkə başçısı İlham Əliyevin göstərişi ilə icrası həyata keçirilən regionların sosial-iqtisadi inkişafını təmin edən  2004-2008, 2009-2013, 2014-2018-ci illər Dövlət proqramları çərçivəsində  görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə  "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir.

Ölkə başçısının məqsədyönlü, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş, uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafını təmin edir. Dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsi bu siyasətin əsasında dayanır. Bu baxımdan,  kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlərin daha da artırılması, regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi, bazar infrastrukturunun modernləşdirilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və s. 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında həlli vacib məsələlər olaraq nəzərdə tutulur. Regionların təbii resurslarının  səmərəli istifadəsi, yerlərdə yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunması, regionlarda, o cümlədən kənd yerlərində yaşayan əhalinin layiqli məşğulluq və gəlir əldəetmə imkanlarının artması və onların sosial rifah halının yüksəlməsi, beləliklə də regionların davamlı və tarazlı inkişafının təmin olunması proqram çərçivəsində  ardıcıl olaraq həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə həyata keçirilən 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı  üzrə Dövlət proqramları məğzində ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi və vətəndaşların məmnunluğu dayanır. Bu baxımdan, ölkəmizin  sosial-iqtisadi həyatında, xüsusilə regionlarda iqtisadi inkişafın sürətləndirilməsi, həyata keçirilən işlərin yeni keyfiyyət mərhələsinə  qədəm qoyması bunun bariz nümunəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".