Davamlı inkişaf naminə qətiyyətli addımlar: birlik, həmrəylik,  əməkdaşlıq
Siyasət

Davamlı inkişaf naminə qətiyyətli addımlar: birlik, həmrəylik,  əməkdaşlıq

Ölkəmizdə  keçirilən Qoşulmama Hərəkatının aralıq nazirlər konfransı Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi də tanınmasının əməli təcəssümüdür

2018-ci il aprel  ayının 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib. Konfransa Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs  qatılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edirdi. Bakıda keçirilmiş aralıq nazirlər konfransı Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının əməli təcəssümüdür.

Xatırladaq ki, aprelin 3-4-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib. Qoşulmama Hərəkatının bir neçə mühüm tədbirinin Azərbaycanda keçirilməsinin qərara alınması ölkəmizin növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər. Bununla Azərbaycan növbəti dəfə sivil, demokratik, beynəlxalq hüquq normalarına uyğun hərəkət edən ölkə olduğunu bir daha sübut etdi. “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aralıq nazirlər konfransında demişdi.

Aralıq nazirlər konfransına ev sahibliyi etməsinin əsas məqsədlərindən biri də ölkəmizin həqiqətlərini dünyaya çatdırmaqdan ibarət idi və Azərbaycan bu həqiqətləri dünyaya çatdırmaq üçün bütün beynəlxalq platformalardan istifadə edir. Qoşulmama Hərəkatı da bu platformalardan biridir. Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransında çıxış edən Misirin BMT yanındakı daimi nümayəndəsi Məhəmməd Fathi Əhməd Edress konfrans çərçivəsində sülh və təhlükəsizliyin təşviq edildiyini söyləyib. O, Cənub-Cənub əlaqələrinin ölkələrin inkişafına kömək etməsi, iqtisadi və sosial inkişaf üçün əməkdaşlığın və həmrəyliyin vacib olduğunu deyib. Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas davamlı inkişaf üçün əməkdaşlıq və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayıb. A. Dapkyunas Belarusun sülh və davamlı inkişaf üçün Qoşulmama Hərəkatı çərçivəsində öhdəliklərinə sadiq olduğunu diqqətə çatdırıb. Hindistan xarici işlər naziri Suşma Svarac nüvə təhlükəsizliyi, terrorizm kimi qlobal problemlərin həllinin effektiv multikultural yanaşma tələb etdiyini bildirib: “Beynəlxalq hüquq prinsiplərinə baxmayaraq, hələ də terrorizmin qarşısını almaq çətindir. Biz bu sahədə öhdəliklərimizi yeniləməliyik. Hindistan Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilən prinsipləri dəstəkləyir”. Afrika İttifaqının BMT-dəki daimi nümayəndəsi Fatimə Kyari Məhəmməd dünyada sülh və təhlükəsizliyə yaranan təhdidlərdən narahat olduqlarını bəyan edib: "Afrika İttifaqı bu konfransın yekununda qəbul ediləcək Bəyannamə və prinsipləri dəstəkləyir. Afrika İttifaqı münaqişələrin tənzimlənməsi sahəsində BMT ilə əməkdaşlıq edir, bu sahədə öhdəliklərinə sadiqdir". Fələstinin xarici işlər naziri Riyad Maliki Qoşulmama Hərəkatının dünyada sülh və təhlükəsizliyin qorunmasında fundamental rol oynadığını vurğulayıb. Hərəkatın həm də dünyada insanların hüquqlarının qorunmasını dəstəkləməsini vacib sayan nazirin fikrincə, qurum dünyada üzləşdiyimiz çağırışlara qarşı birləşməli, beynəlxalq hüquq prinsiplərinin tətbiqinə nail olmaq istiqamətində imkanlarını artırmalıdır. Liviyanın xarici işlər naziri Məhəmməd Tahir Siala Qoşulmama Hərəkatının konfransının qarşıdurma, terrorizm, ekstremizm kimi çətinliklərlə bağlı olduğunu, Hərəkatın prioritetinin üzv dövlətlər arasında həmrəylik, birlik, təhlükəsizlik, iqtisadi sahədə əməkdaşlıq olduğunu nəzərə çatdırıb. O, Qoşulmama Hərəkatının inkişafa, sülhə və demokratik cəmiyyət quruculuğuna kömək edəcəyinə inamını ifadə edib. Bu gün hələ də terror təhdidinin mövcud olmasına diqqətçəkən Liviya xarici işlər naziri ölkəsinin Fələstinə dəstəyini davam etdirəcəyini bildirib. Lesotonun beynəlxalq  əməkdaşlıq və xarici işlər üzrə naziri Lesoqo Makqhothi Qoşulmama Hərəkatının davamlı inkişaf üçün sülh və təhlükəsizliyin təşviqi ilə bağlı olduğunu xatırladıb: "Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi sülhə təhdid törədir. BMT bununla bağlı qətnamələr qəbul edib. Biz bu münaqişənin həllinin uzanmasına təəssüf edirik". Çad xarici işlər naziri Çerif Mahamat Zene çıxışında stabilliyin təminatı üçün qlobal yanaşmaya ehtiyac duyulduğunu dilə gətirib. 

Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransınınYekun Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb. Orada ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normalarına uyğun olaraq dəstəklənir. Azərbaycanın bu hərəkatda iştirakının əsas məqsədinin də bundan ibarət olduğunu göstərən sənəddə həmçinin qeyd edilir ki, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı fəaliyyətini bütün beynəlxalq təşkilatlarda davam etdirməli və bütün dünya hüququn aliliyinin pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin sülhə və sabitliyə təhdid törətdiyini bilməlidir. Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülhü, təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi iləbağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.

 Azərbaycan Qoşulmama Hərəkatına az bir vaxtda üzv olmasına baxmayaraq, qurumda özünü aktiv təşkilatçı kimi təqdim edib və hərəkata üzv ölkələrin ümumi maraqlarına uyğun yaradıcı fəaliyyəti ilə böyük nüfuz qazanmışdı. Bu konfransın  məhz ölkəmizdə  keçirilməsi də Hərəkata üzv ölkələrin yüksək etimadının  nümunəsi idi.  Konfransın yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirilməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin yerinə yetirilməsinin vacibliyi bir daha Azərbaycanın haqq işinin dünya tərəfindən qəbul edildiyini göstərir.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada öz aktuallığını daha da artırır və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Müstəmləkəçiliyin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən 18-ci Sammitinin həm də böyük rəmzi mənası vardı. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən  sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazandı. Bu gün Avropada cərəyan edən proseslər Hərəkatın prinsip, məqsəd və məramlarının bu qitədə də təşviq edilməsinin vacibliyini gündəmə gətirirdi. Bir sıra dövlətlərin vaxtilə "Soyuq müharibə" dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Qoşulmama Hərəkatı yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır.

Cənab İlham Əliyev  blidirib: “Biz 10 il əvvəl “Bakı Prosesi”nin təşəbbüskarı olduq. Bizim təşəbbüsümüzə əsasən, İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin dövlət rəsmiləri Bakıya dəvət edildi. Azərbaycan hər iki təşkilata üzv olan nadir dövlətlərdəndir. Bu iki təşkilatın toplam olaraq yüzdən artıq üzvü var və bizim məqsədimiz onları bir araya gətirərək mədəniyyətlərarası dialoq, etnik və dini zəmində gərginliyin azalması, dünyada ksenofobiya hallarının ciddi şəkildə müzakirə olunması, habelə qarşılıqlı anlaşma üçün platformanın yaradılması idi. Bizim təşəbbüsümüz bundan ibarət idi və o, BMT tərəfindən dəstəkləndi. Artıq “Bakı Prosesi” özünün onilliyini qeyd edir. Bu, misilsiz beynəlxalq platformadır ki, müsəlman dünyasını və Avropa dövlətlərini birləşdirir, bütün ölkələr üçün açıqdır və məqsəd müxtəlif dövlətlər, müxtəlif dinlər və etnik qrupların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaqdır. Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlər boyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur. Onun alternativi ayrı-seçkilik, ksenofobiya və islamofobiyadır. Hesab edirəm ki, bu məsələlər müzakirə edilməlidir və Azərbaycan bu dəyərlərin təşviqində öz vacib rolunu oynamaqda davam edəcəkdir”.

Bu il Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın əhəmiyyətini daha da artırıb. 2019-cu ilin oktyabr ayında Azərbaycan  Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və  sədrliyi öz üzərinə götürdü. Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin  qurum yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildi. Belə ki, birgə səylər  pandemiyanın yaratdığı  çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli  fəaliyyəti  üzərində cəmləşdirdi. Azərbaycan Prezidenti  Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdi. Bu  təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu. Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

2021-ci iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında  Azərbaycan  Prezidenti İlham Əliyev videoformatda çıxışında məmnunluqla qeyd etdi ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. “Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək”.

Mustafa KAMAL,

“Respublika”.