David Zalkaliani: Gürcüstan Baş nazirinin Azərbaycana səfəri çox uğurlu oldu
MÜSAHİBƏLƏR

David Zalkaliani: Gürcüstan Baş nazirinin Azərbaycana səfəri çox uğurlu oldu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri çox uğurlu oldu. Bu, son üç ayda ikinci səfər idi. Birinci səfər rəsmi səfər idi və həmin vaxt bizim ikinci səfərimizin həyata keçirilməsi ilə bağlı vacib qərar qəbul olundu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani İrakli Qaribaşvilinin Bakıya səfərinin yekunlarını şərh edərkən söyləyib.

"Bilirsiniz ki, Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyasının iclası müxtəlif səbəblərdən son 10 ildir keçirilmirdi. Bakıya birinci səfərimizdən üç ay sonra biz sayca 8-ci iclasın keçirilməsinə nail olduq. Azərbaycan bizim strateji tərəfdaşımız və çox vacib qonşumuzdur. İkitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı bizim üçün mühüm əhəmiyyət kəsb edir", - deyə Zalkaliani vurğulayıb.

Onun sözlərinə görə, Bakıda keçirilən  görüşlərdə müzakirə olunan məsələlər həm iki ölkə, həm də region dövlətləri üçün mühüm əhəmiyyətə malikdir.

David Zalkaliani, həmçinin qeyd edib ki, hökumətlərarası komissiyanın iclasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər regionda uzunmüddətli sülhün qorunub saxlanmasına, vacib infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlib.

AZƏRTAC