Daxili işlər naziri Göyçayda vətəndaşlarla görüşüb
Sosial həyat

Daxili işlər naziri Göyçayda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 28-də və 29-da Göyçay Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının 84 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb.

Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə belə qəbulların davamlı olaraq təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ və obyektiv yanaşılmasına görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Qəbuldan sonra daxili işlər naziri, general-polkovnik V.Eyvazov Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə dair konkret tapşırıqlarını verib.

Daha sonra general-polkovnik V.Eyvazov Göyçay Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Tədbirdə ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 143 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 44-ü Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.

AZƏRTAC