Daxili işlər naziri növbəti vətəndaş qəbulu keçirib
Sosial həyat

Daxili işlər naziri növbəti vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxili işlər naziri əvvəlcə Quba şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra rayon polis şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz rayonlarından gələn 72 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Daha sonra general-polkovnik V.Eyvazov şimal bölgəsi üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si Vətən müharibəsi iştirakçısı, 7-si isə şəhid ailələrinin üzvləri olublar.

Sonda daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

AZƏRTAC