Daxili İşlər Nazirliyində naziryanı əməliyyat müşavirəsi keçirildi
Digər xəbərlər

Daxili İşlər Nazirliyində naziryanı əməliyyat müşavirəsi keçirildi

İyunun 7-də Daxili İşlər Nazirliyində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi müddətdə ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında naziryanı əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov son illər Azərbaycanın bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

Nazir iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində və günləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdırıb. General-polkovnik Vilayət Eyvazov iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyi, yarışın keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkəti üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.

AZƏRTAC