“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri
Hüquqi aktlar

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının

2022-ci il 30 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

 Maddə 1. Medalın ümumi təsviri

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili çevrələrin arasında dekorativ naxış təsvir olunmuşdur. Daxili çevrənin içərisində şaquli yerləşmiş, yuxarı tərəfinin küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı tərəfi iti bucaq olan qalxan, qalxanın arxasına tiyələri aşağı baxan, bir-birinə çarpazlaşdırılmış vəziyyətdə iki qılınc, qalxanın ortasına Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuşdur. Qalxanın dövrəsi bütün perimetri boyunca qabartma üsulu ilə lentlə əhatə olunmuş və lentin üzərində eyni üsulla səkkiz nöqtə təsvir edilmişdir.

2.3. Lövhənin aşağı hissəsinin mərkəzində ortadakı ulduz daha böyük olmaqla üç səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzun sol tərəfindən başlayaraq qövs boyunca “DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır. Ulduzların və sözlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.4. Medalın ön tərəfinin səthi hamardır, bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində palıd çələngi təsvir olunmuş 40 mm x 5.5 mm ölçülü qızılı rəngli metal lövhə bərkidilmişdir.

4.3. Xara lentin mərkəzində 9 mm enində boz rəngli şaquli zolaq, boz rəngli zolaqdan lentin sol və sağ kənarlarına doğru ardıcıl olaraq 2 mm enində qızılı rəngli, 9 mm enində tünd göy rəngli, 1 mm enində tünd qırmızı rəngli və 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.