Dayanıqlı elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması əsas vəzifədir
İQTİSADİYYAT

Dayanıqlı elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması əsas vəzifədir

Bu günlərdə Tovuz rayonunda energetiklərin gördükləri işlərlə tanış olmaq üçün Tovuz elektrik şəbəkəsinin rəisi İlqar Hüseynovla həmsöhbət olduq. Müsahibim bildirdi ki, payız-qış mövsümündə əhalinin 24 saat keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün tədbirlər planına uyğun olaraq əsaslı təmir-tikinti işləri aparılır. Rayonun dağlıq və aran hissəsində baş verə biləcək hər hansı bir qəzanın operativ şəkildə aradan qaldırılması üçün bütün zəruri hazırlıq işləri görülür.

Ölkə başçısının "Azərişıq" ASC-nin qarşısında qoyduğu tələblərə uyğun olaraq bütün regionlarda olduğu kimi, "Qərb" RETSİ-nin Tovuz Elektrik Şəbəkəsinin də xidməti ərazisində olan elektrik qurğularında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Belə ki, rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən 110/35/6 kV-luq Tovuz yarımstansiyasının tikintisinə başlanıb. Bu da Tovuz şəhəri, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Ağdam, Qazqulu, Dondar Quşçu, Aşağı Quşçu, Ağdam, Vahidli, Abulbəyli, Bozalqanlı, Düz Cırdaxan, Əlimərdanlı, Hunanlar kəndləri üzrə 18364 abonenti elektrik enerjisi ilə təmin edir.

110/10 kV-luq Qovlar yarımstansiyası Qovlar şəhəri, Köhnəqala, Alakol, İbrahim Hacılı, Dönük Qırıqlı, Aran Yanıqlı, Məşədilər, Yanıqpəyə, Aşağı Quşçu, Azaflı, Bayramlı, Əsrik Cırdaxan, Koxanəbi və Ağbulaq kəndləri üzrə 11193 abonenti elektrik enerjisi ilə təmin edir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə 110/10 kV-luq Qovlar yarımstansiyası yenidən, müasir tələblərə uyğun qurulur. Yeni yarımstansiya İbrahim Hacılı kəndində inşa edilib.

Bütün bunların nəticəsi olaraq rayonun əhalisi etibarlı, fasiləsiz, keyfiyyətli, təhlükəsiz elektrik enerjisi ilə təmin olunacaq.

İ.Hüseynov bildirdi ki, şəbəkənin normal istismar olunması, itkilərin qarşısının alınması, abonentlərə verilən elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Tovuz rayonunun Papaqçılar, Qandallar, Səfərli, Qaradaş Əyyublu və Ağdam kəndlərində 10/0,4 və 6/0,4 kV-luq şəbəkənin və KTM-in yenidən qurulmasına başlanmışdır.

Rayonda köhnə, yararsız dayaqların yeniləri ilə əvəz olunması işləri də uğurla davam etdirilir. Əyyublu kəndi üçün 26 ədəd yeni, müasir standartlara cavab verən KTM gətirilmiş, onlardan doqquzu quraşdırılaraq istifadəyə verilmişdir. İşlər sürətlə davam etdirilir. Qaradaş kəndində 271 ədəd 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqil (ÖİN) dayaq, 22 ədəd 0,4 kV-luq söykənəcək quraşdırılmış, 4300 m məsafəyə ÖİN kabellə 0,4 kV-luq xətt çəkilmişdir. Səfərli kəndində 291 ədəd 0,4 kV-luq ÖİN üçün dayaq, 95 ədəd 0,4 kV-luq söykənəcək quraşdırılmışdır.

Görülən işlər onu deməyə əsas verir ki, Tovuzda payız-qış mövsümündə əhali elektrik enerjisi ilə normal və fasiləsiz təmin olunacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".