Dayanıqlı, etibarlı sosial müdafiə sistemi formalaşıb
Sosial həyat

Dayanıqlı, etibarlı sosial müdafiə sistemi formalaşıb

Sosialyönümlü dövlət siyasəti əhalinin rifahının yaxşılaşmasına təminat yaradır

Bu gün ölkəmizdə uğurla aparılan sosial siyasət əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, etibarlı sosial müdafiə sisteminin formalaşmasına geniş imkanlar yaradıb. Milli iqtisadiyyatın inkişafı ilə ölkənin ortagəlirli dövlətlər sırasına daxil olması strateji vəzifə, uzunmüddətli konsepsiyanın əsas istiqamətlərindən olduğu kimi, sosial islahatlar da bu inkişafın tərkib hissəsi, göstəricisidir. İnkişaf strategiyasının davam etdirilməsi ilə iqtisadiyyatı, maliyyə ehtiyatları möhkəmlənən ölkəmizdə sosial islahatlar üçün etibarlı mənbə yaranır.

2019-cu ildə sosial sahədə inqilabi islahatlar həyata keçirildi, əhalinin 42 faizinin gündəlik gəlirlərinin, onların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Minimum pensiyanın artımı üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə, minimum əməkhaqqına görə ikinci yerə yüksələn Azərbaycan liderliyini təmin etdi. Şəhid ailələrinin, məcburi köçkün və qaçqınların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atıldı. Ünvanlı sosial yardımla bağlı ciddi təhlillər, araşdırmalar aparıldı, bu sahədə yol verilən nöqsanlar aradan qaldırıldı.

Sosial sahədə önəmli təşəbbüslərdən biri olan özünüməşğulluq proqramına da maraq artıb. Son illər proqrama daha çox insanın cəlb edilməsi istiqamətində də genişmiqyaslı layihələr həyata keçirilir. Bunun Dünya Bankı tərəfindən dəstəklənməsi proqramın əhəmiyyətini daha da artırır.

Əsasən Ailə Biznesinə Asan Dəstək (ABAD) Proqramı çərçivəsində tətbiq olunan özünüməşğulluq proqramı xüsusilə regionlarda yaşayan əhalinin ailə büdcəsinin yaxşılaşdırılmasına, unudulmaqda olan xalq sənətkarlığının qorunmasına və təbliğinə geniş imkanlar yaradır.

Proqramın tətbiqinin qeyri-formal məşğulluqla bağlı mübarizəni genişləndirməklə, korrupsiya kimi neqativ halların aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olduğunu bildirən ölkə başçısı İlham Əliyev əmək müqavilələrinin rəsmiləşdirilməsi ilə mənfi hallara son qoyulduğunu da vurğulayır: “Bu, birinci onu göstərir ki, biz düzgün yoldayıq və aparılan siyasət nəticə verir, amma eyni zamanda, hələ ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Ona görə kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır” - deyən dövlət başçısı ictimai ödənişli iş yerləri ilə bağlı bu cür təşəbbüslərin tətbiqində xüsusilə şəffaflığa ciddi fikir verilməsini də tələb edir.

Dövlət başçısının imzaladığı “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Təbii ki, ölkə iqtisadiyyatının qeyri neft-qaz sektorunda dayanıqlı inkişafının təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsinə, yeni müəssisələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına zəmin yaradır. Bu isə öz növbəsində əmək bazarı, əməkhaqqı, minimum əməkhaqqının səviyyəsinə təsirsiz qalmır.

Məsələn, 2021-ci ilin yanvar-mart aylarında ölkəmizdə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 milyard manat təşkil edib, yanvar-aprel aylarında isə bu rəqəm 14,6 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən 1,3 faiz azalıb. Dünya Bankı Azərbaycanın istehlak bazarının 2021-2023-cü illərdə 3,7 faiz artacağını proqnozlaşdırır.

Milli Məclisin iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, 2021-ci ildə orta aylıq əməkhaqqı 727 manat proqnozlaşdırılır. Nazir bildirib ki, yaşayış minimumunun 196 manat olması proqnozlaşdırılır və bununla bağlı qanun layihəsi hökumətə təqdim edilib: “Şübhəsiz ki, işğaldan azad edilmiş torpaqlar həm də strateji iqtisadi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Qarabağın bərpasına 2,2 milyard manat ayrılır. Bu ərazilərin inkişafı gələcəkdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafına şərait yaradacaq. Beynəlxalq nəqliyyat kommunikasiya layihələri məhz bu ərazilərdən həyata keçiriləcək. Bütün bunların yaxın vaxtlarda gerçəkləşməsi dövlət büdcəsinin əlavə gəlir mənbələrinin təmin olunmasına təkan verəcək”.

2021-ci ilin dövlət büdcəsi layihəsində yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat götürülür. Bu rəqəmlər illik minimum istehlak səbətinə əsaslanır.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci il üçün ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son illər əmək müqavilələrinin sayının 30 faiz artması ilə nəticələnib. Əmək müqavilələrinin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 2021-ci il yanvarın 1-i tarixinə 1 milyon 703 min 249-a çatıb. Özəl sektor üzrə əmək müqaviləsi artımı 63 faiz, dövlət sektoru üzrə 10 faiz təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10 faiz artım qeydə alınıb.

Əmək müqavilələrinin sayında və əmək haqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib.

2021-ci il fevralın 1-nə olan vəziyyətə görə ölkə iqtisadiyyatında muzdla çalışanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min nəfər və ya 2,6 faiz artaraq 1684,4 min nəfər olmuş, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 769,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 il əvvələ nisbətən 2,8 faiz azalaraq 692,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 690,9 manat təşkil edib.

Ölkəmizdə sosial islahatların həyata keçirilməsi əhalinin rifah halının yaxşılaşdırılmasında özünü büruzə verir. İqtisadiyyatımız gücləndikcə sosial müdafiə və təminatın etibarlılığı da artır.

Zümrüd QURBANQIZI,

“Respublika”.